Qəlbdəki Allah, yoxsa şeytanın hiyləgərliyi?

Источник

Mən Allaha inanıram, amma kilsəyə getmirəm, çünki Allah qəlbimdədir”. Bu, kifayət qədər geniş yayılmış bir ifadədir və bir çox insanın imanını təsvir edir. Hətta bunu bir növ “din” adlandırmaq olar, lakin bu din hər kəs üçün fərdidir; birləşdirici amil yalnız “qəlbdəki Allah” anlayışıdır. Hər kəs ona öz baxışını, öz izahını verir. Elə isə gəlin, məsələyə aydınlıq gətirməyə çalışaq.

İnsanın Allahı izah etməsi çox vaxt mövcud dinlərin verdiyi təriflər vasitəsilə baş verir. Amma “qəlbdəki Allah” anlayışında bu təriflər çox fərqli ola bilər. Buna görə də ilk növbədə başa düşmək lazımdır ki, insan özünü kim kimi hiss edir? Əgər o, “kilsəyə getmirəm” deyirsə, yəqin ki, özünü xristian hesab edir, amma müəyyən səbəblər və ya şəxsi inanclar ucbatından məbədə getmir. Çox vaxt belə insanlar Müqəddəs Yazılarla və xristianlığın əsasları ilə zəif tanış olur, bəzən isə ümumiyyətlə tanış olmurlar. Şübhəsiz ki, onlar Dekaloqdan, yəni, On Əmrdən xəbərdardırlar və bəlkə də onlardan bəzilərinə əməl etməyə çalışırlar. Bu isə sevindirici haldır və belə insanlarla mütləq danışmaq, onlara pravoslav inancının əsaslarını izah etmək mümkündür.

Lakin çox vaxt “qəlbdəki Allah” dinlərdən tam uzaqlaşma, məsafə saxlama deməkdir. Səbəblər çox müxtəlif ola bilər, amma onların hamısını sadalamağın mənası yoxdur. Ortada ümumi bir cəhət var: insan Allahı öz istədiyi kimi təsəvvür edir. Əslində “qəlbdəki Allah” fərdin dini fantaziyasıdır. Nəticədə hər kəs özünün “dinini” yaradır və burada həm “doqma”, həm də ritual mövcuddur.

İnsanlar Allahı necə təsəvvür edirlər? Onu hansı sifətlərlə bəzəyirlər? Bu barədə ingilis yazıçısı və ilahiyyatçısı Klayv Lyuis çox dəqiq deyir: “Bizim günlərdə Allahın xeyirxahlığı deyəndə əsasən Onun bizə olan məhəbbətini nəzərdə tuturuq və bunda müəyyən dərəcədə haqlıyıq. Amma məhəbbət deyəndə əksər hallarda Onun istənilən halda bizi xoşbəxt etməsini başa düşürük. Bizə, əslində, Ata yox, səmadan bir baba lazımdır – mehriban qoca, gənclərin əylənməsinə sevinən və dünyanı sadəcə bizi əzizləmək üçün yaradan. Halbuki, bu dünyada az ata tapılar ki, desin: qoy oğlum alçaq olsun, təki yaxşı yaşasın”.

Məhz belə “rahat” və “özünə uyğun” bir Allah obrazı çoxlarının “qəlbindəki Allahdır”. Çox vaxt bu “qəlbdəki Allah” anlayışı adi istehlakçı münasibəti ilə xarakterizə olunur. Belə Allah insanın həyatına qarışmır, amma sanki şüşədən çıxan cin kimi, hər an onun istəklərini yerinə yetirməyə hazırdır: uğur gətirmək, qorumaq, işləri düzəltmək, məhəbbətdə kömək etmək, düşmənləri cəzalandırmaq və s. “Qəlbdəki Allah” daşıyıcısı ilə daim razıdır, onunla həmişə harmoniya içindədir, heç vaxt ona qarşı çıxmır. Elə buna görə də istehlakçı ruhlu insan üçün belə “Allah” rahatdır.

Bu münasibətin kökündə müasir dünyada hökm sürən istehlakçı psixologiyası dayanır. Orada əsas dəyər həddindən artıq istehlak və insanın hər cür istəyinin təmin olunmasıdır. Belə bir mühitdə əxlaqi dəyərlər ya tələb olunmur, ya da inkar edilir. Çünki savadsız və məlumatsız kütləni idarə etmək daha asandır. Bu isə insanın şəxsiyyət kimi tənəzzülünə gətirib çıxarır və nəticədə şüur manipulyasiyasına, daha çox məhsul və xidmət satılmasına zəmin yaradır. İnsan isə elə bilir ki, seçimi özü edir, istəklərini özü idarə edir. Halbuki, çox vaxt bu belə deyil.

Beləliklə, insan Allahı “ram etmək” arzusundadır. Bunun üçün də özünəməxsus “din”, yəni, “qəlbdəki Allah” lazımdır. Çünki xristianlıqda belə bir Allah yoxdur. “Qəlbdəki Allah” çox vaxt mənəvi tənbəllikdən, boşluqdan və kilsənin bir hissəsi olmaq istəməməkdən doğur. Məbədə getməyə tənbəllik, ibadətlərdə iştirak etməyə tənbəllik, dua etməyə tənbəllik, Müqəddəs Yazıları və müqəddəs ataların əsərlərini oxumağa tənbəllik… Bu tənbəlliyi izah etmək üçün isə insanlar belə bir bəhanə tapır: “İman üçün zahiri əlamətlər vacib deyil, əsas odur ki, Allah qəlbdədir”. Əlbəttə, insanın daxilində nə hiss etməsi, nə duyması vacibdir, amma iman özünü zahirdə də göstərməlidir. Kilsənin təklif etdiyi həyat tərzi elə bu imanın praktikasının özüdür.

“Qəlbdəki Allah” əslində vicdan qarşısında bəhanədir. Çünki əgər iman həqiqətən canlı olmalıdırsa, insan mütləq qurban verməlidir. İman həmişə qurban deməkdir. Əgər imanı ciddi qəbul edirsənsə, məbədə getməli, Tövbə etməli, Şəriklikdə iştirak etməli, oruc tutmalı, dua etməlisən. Bütün bunlar isə insanda daxili sarsıntı yarada bilər: məsələn, tövbədə məlum olar ki, insan düşündüyü qədər “təmiz” deyil, günahları çoxdur. Daha dərinə getdikcə yeni-yeni günahlar üzə çıxacaq. Müqəddəs Yazıları öyrəndikcə isə insan özünün Məsihin təlimlərinə nə qədər zidd olduğunu daha çox anlayacaq. Oruc vasitəsilə nəfsini cilovlamağa məcbur olacaq. Nəticədə aydınlaşacaq ki, qəlbdə Allah yox, sadəcə ehtiraslar, nəfs və günahlar var. Bunu dəyişmək üçün isə iman sözlə deyil, əməllə sübut olunmalıdır.

Kilsə isə heç vaxt Allahın qəlbdə olmasını inkar etmir. Tertullianın dediyi kimi, ruh insanın azad şəkildə Məsihin çağırışına cavab verəndə xristian olur: Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik”. (Vəhy 3:20). Amma Allahı ürəyə buraxmaq üçün onu günah və nəfsdən təmizləmək lazımdır. Bu isə zəhmət tələb edir. Kilsənin bütün Sirləri məhz bunun üçündür. Tövbə ilə günahdan təmizlənmək, İsa Məsihin Vücudu və Qanını qəbul etməklə isə qəlbdə həqiqi Allahın məskunlaşmasına şərait yaranır.

Müqəddəs ataların təliminə görə, xristianın həyatının məqsədi Allahlaşma, yəni Allaha bənzəmə və Onunla birləşmədir. Allah bu imkanı Öz Oğlunu dünyaya göndərməklə açdı. Müqəddəs Lionlu İriney deyirdi: “Allahın Oğlu insan oğlu oldu ki, insan da Allahın oğlu olsun”. Müqəddəs böyük Afanasiy isə belə deyirdi: “O, insan oldu ki, biz Allahlaşaq”.

Əslində həqiqi “qəlbdəki Allah” elə bu Allahlaşmadır. Amma bu, təkcə “Mənim qəlbimdə Allah var” deməklə əldə olunmur. Allahlaşma Müqəddəs Ruhun lütfü ilə verilən ilahi ənamdır və onu kilsəsiz, xristian zəhməti olmadan əldə etmək mümkün deyil.

Deməli, “qəlbdəki Allah” anlayışı əsl Allahlaşmanın antipodu olmasa belə, onun çox bəsit bir parodiyasıdır. Bu, insanı xilas işində hərəkətsiz buraxan bir aldanışdır və şeytana sərf edir. “Qəlbdəki Allah” bir növ mənəvi narkotikdir, insanı sakitləşdirir, yalançı aramlıq hissi yaradır. Amma nəticədə insan şeytanın toruna düşür. Çünki bu anlayışın arxasında çox vaxt kibir dayanır, yəni, ruhani həyatın əsl mübarizəsindən qaçmaq, özünü rahat saxlamaq istəyi. Halbuki, həqiqi xristian həyatı “şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşı” (Efeslilərə 6:12) daimi mübarizədir.

Elə bu qüvvələrdir ki, insana pıçıldayır: “Sənə “Allah qəlbindədir” demək kifayətdir, başqa heç nə lazım deyil”.


Источник: Sveçnikov Dionisiy, protoiyerey. Qəlbdəki Allah, yoxsa şeytanın hiyləgərliyi? [Elektron resurs] // İman əlifbası. 26.09.2025.

Ошибка? Выделение + кнопка!
Если заметили ошибку, выделите текст и нажмите кнопку 'Сообщить об ошибке' или Ctrl+Enter.
Комментарии для сайта Cackle