Əvvəlcə “sağaltmaq” deyəndə nə başa düşüldüyünü anlamaq lazımdır. Çünki çox vaxt, bədən xəstəliklərindən azad olma nəzərdə tutulur. Daha nadir hallarda psixi xəstəliklər, tam nadir hallarda isə ruhun xəstəlikləri nəzərdə tutulur. Lakin söhbət ruhani varlıqlar olan cinlərdən getdiyinə görə, bu məsələni müzakirə edərkən əsasən mənəvi tərəfə toxunmaq lazımdır.

İnsan ruh və bədənin vəhdətidir. Bu əlaqə xəstəliyi və şəfanı həm cismani, həm də mənəvi planda nəzərdən keçirməyə vadar edir. Xəstəlik istər bədən, istərsə də ruhla bağlı olsun bütövlükdə insana təsir edir. Buna görə də şəfadan danışmazdan əvvəl xəstəliyin səbəblərini anlamaq vacibdir.

Kilsə Müqəddəs Yazılara əsaslanaraq öyrədir ki, xəstəliklər və ölüm ilk insanların günaha düşməsinin nəticəsidir. Allahdan uzaqlaşma ölümün səbəbi oldu və ölüm insan üçün labüd hala gəldi. İnsan nə qədər çalışsa da, xəstəlik və ölümdən qaça bilmir.

Ruh xəstədirsə bədən də xəstələnir. Günah mənəvi xəstəlik olaraq insanın həyatını dağıdır. Məsələn, içkiyə aludəlik təkcə bədəni deyil, ruhu da məhv edir və insanın yaxınları ilə münasibətlərinə mənfi təsir göstərir. Digər günahlar və asılılıqlar da müxtəlif xəstəliklərin səbəbi ola bilər.

İsa Məsih bir çox hallarda günahı xəstəliyin səbəbi kimi göstərmişdir (Matta 9:2; Yəhya 5:14). Xəstəlik həmçinin insan üçün imtahan, imanı möhkəmləndirmək və ya Allaha yönəltmək üçün vasitə də ola bilər. İncildə çoxlu şəfa möcüzələri təsvir olunur, hansı ki, iman vasitəsilə baş verib.

Şəfa həmişə imanla bağlıdır. Lakin bədən sağlığı özü-özlüyündə məqsəd deyil, bu, insanı mənəvi dəyişməyə sövq edən vasitədir. Allah həm ruha, həm də bədənə şəfa verir. Onun möcüzələrinin məqsədi insanı xilasa aparmaqdır.

Bəzən xəstəliklər səbir və iman üçün imkandır (Yaqub 1:12; Həvarilərin İşləri 12:2). Başqa hallarda isə Allahın xüsusi niyyəti ilə ola bilər. Məsələn, anadangəlmə korun şəfa tapması (Yəhya 9:1–3).

Eyni zamanda, bəzi xəstəliklər cinlərin təsiri ilə də bağlı ola bilər. Müqəddəs Luka bir qadının 18 il “xəstəlik ruhu” altında yaşadığını, Məsihin isə onu sağaldaraq “şeytanın bağlarından azad etdiyini” yazır (Luka 13:10–17). Bu, göstərir ki, cinlər insan bədəninə təsir göstərə bilirlər, amma yalnız insan Allahdan uzaqlaşanda.

Şeytan Allahın əksidir, insanı sevmir, əksinə, onu məhv etmək istəyir, yəni onu xilasdan məhrum etmək. Bu məqsədlə yalançı “möcüzələr” də göstərir. Bunu o, əsasən cadugərlər, falçılar, ekstrasenslər və “şəfavericilər” vasitəsilə edir. İnsanlar çarəsizlikdə onlara müraciət edəndə, əslində, şeytana üz tutmuş olurlar.

Cinlər bəzən insanı aldatmaq üçün “möcüzə” də göstərirlər, məsələn, keçmişdən danışmaq və guya gələcəkdən xəbər vermək. Halbuki onlar gələcəyi bilmirlər, sadəcə insanı manipulyasiya edərək öz planlarını həyata keçirirlər. Beləliklə, insan Allaha deyil, şeytana bağlanır.

Ona görə də xristian hər zaman ruhlara diqqətlə baxmalıdır (1 Yəhya 4:1). Çünki hər “Mən səni Allahın adı ilə sağaldıram” deyən həqiqətən də Allahı tanımır və Onun əmrlərinə əməl etmir. Cinlər çox vaxt müqəddəs rəmzlərdən istifadə edərək insanları aldadırlar, guya işləri “müqəddəs” görürlər. Amma bu sadəcə yalançı maskadır. Həvari Paul yazırdı: “Çünki bunlar saxta həvari, Məsih həvarisinin cildinə girən fırıldaqçılardır. Buna heyrətlənmək lazım deyil, çünki Şeytan da işıq mələyi cildinə girir. Şeytana xidmət edənlərin salehlik xidmətçilərinin cildinə girməsi qəribə deyil. Onların aqibəti əməllərinə görə olacaq”. (2 Korinflilərə 11:13–15)

İnsana bədənin zəifliyindən təmənnasız şəkildə qurtulmağa kömək edən bir “cin-həkim” təsəvvür etmək mümkün deyil. Hiyləgər ruhların hər bir köməyi üçün insan mütləq ödəniş etməli olacaq. Bu ödəniş isə insanın xilasının, yəni ruhunun itirilməsidir. Şeytana üz tutan insan Allahdan üz döndərir. Bədən xəstəliyindən qurtulmaq istəyən insan mənəvi cəhətdən xəstələnir və özünü xilası imkanından məhrum edir.

Xəstəliyin səbəbi bəzən cinlərin təsiri ola bilər. Elə bu səbəbdən insanı daha dərin çaşqınlığa və Allahdan uzaqlaşmağa sürükləmək üçün cinlər şəfa verməni təqlid edə bilərlər. Bu barədə müqəddəs Afonlu Paisiy belə deyirdi:

“Cin tərəfindən əzab çəkən insana cadugər “şəfa verə” bilər, yəni həmin cini başqa bir insana göndərməklə. Axı cadugər və iblis dost-qardaşdır. Cadugər iblisə deyir: “Bu insandan çıx və o birisinə gir”. Yəni, cin təsirində olan adamdan onu qovaraq, adətən onu həmin şəxsin qohumuna və ya tanışına göndərir, o kəsə ki, iblisə üzərində haqq vermişdir. Sonra isə cinin içindən çıxdığı adam deyir: “Mən əzab çəkirdim, amma filan şəfaçı məni sağaltdı”. Beləcə, cadugərin “reklamı” yaranır. Amma nəticədə insandan çıxan cin qohumları və tanışlarının arasında dolaşır. Məsələn, cinin təsiri altında adam qamətini əyib, kürəyi qabarıq olur. Cadugər bu cini ondan çıxarıb başqa birinə göndərir. Beləcə, qaməti əyilmiş adam düzəlir. Amma əgər o, hər hansı bir bədbəxt hadisə nəticəsində şikəst olubsa, cadugər onu sağalda bilməz.

Mənə bir dəfə danışdılar ki, bir qadın müxtəlif müqəddəs simvollar və əşyalardan istifadə edərək xəstələri “sağaldır”. Onun etdiklərini eşidəndə iblisin bu hiyləsinə, “sənətinə” təəccübləndim. Öz seansları zamanı cadugər qadın xaçı əlinə götürür və müxtəlif kilsə nəğmələrini oxuyur. Məsələn, o, “Allahın Bakirə Validəsi” nəğməsini oxuyur və “mübarəkdir bətninin səmərəsi” sözlərinə çatanda xaçın yanına tüpürür. Yəni bu şəkildə Məsihi təhqir edir və buna görə də ona iblisin köməkçisi yardım edir. Beləcə, məsələn, bəzi cin təsirindən yaranmış ruhi sıxıntılara (depressiyaya) şəfa verir. Həkimlər belə insanları sağalda bilmir, amma o “sağaldır”, çünki onları sıxan cini qovur. Sonra isə həmin cini başqa birinə göndərir və bir çox xəstələr isə bu cadugəri müqəddəs sayırlar! Ona məsləhət üçün üz tutur, o isə yavaş-yavaş onların ruhuna zərər vurur, onları məhv edir.

Diqqətli olmaq lazımdır. İnsan od və ya ilanlardan uzaq dayandığı kimi, cadugərlərdən və sehrdən də uzaq durmalıdır. Şeytan heç vaxt yaxşı bir şey edə bilməz. O yalnız özü yaratdığı xəstəlikləri “sağalda” bilər”.

Beləliklə, “cinlər insanı sağalda bilərmi?” sualına həm “bəli”, həm də “xeyr” cavabı vermək olar. Hamısı son nəticəyə hansı tərəfdən baxmağa bağlıdır. Əgər insan hər nə bahasına olursa-olsun şəfa arzulayırsa, o, yəqin ki, bunu əldə edəcək. İnanc güclü şeydir. Təsadüfi deyil ki, İncildə Xilaskar şəfa verməzdən əvvəl dəfələrlə imanı soruşurdu. Əgər insan cadugərə və ya ekstrasensə şəfa verəcəyinə inanırsa, əslində isə şeytana inanırsa, bu zaman o, Allahın əmrlərini tapdalayıb xilasa ümidini qurban verirsə, onda istədiyini əldə etmə ehtimalı çox yüksəkdir. Burada təəccüblü bir şey yoxdur. Qiymət nə qədər yüksəkdirsə, “mal” da o qədər “dəyərli” sayılır.

Çox vaxt cadugərlərə rahatlıqla müraciət edən insanlar onsuz da onlarla tanış olmadan öncə müəyyən formada okkult praktikalarla məşğul olurlar. Məsələn, ovsun oxuyur, ruh çağırma seansları keçirir, bağlama duaları edir, ulduz falına inanır, həyatlarını müxtəlif xurafatlara əsasən qurur, “ağ” sehrbazların məsləhətlərinə əməl edir və güman edir ki, “ağ” sehr insana fayda gətirir. Nəticədə xəstəlik belə “məişət” okkultizminin və ya birbaşa cin təsirinin nəticəsi ola bilər. Okkultizmə müraciət isə insanı daha da Allahdan uzaqlaşdırır və cinlərə öz kələk planlarını həyata keçirmək üçün daha çox imkan yaradır. Harada Allah yoxdursa, orada şeytanın hökmü başlayır. İnsan cinlərin hökmü altına düşəndə onların təsir göstərməsi üçün artıq heç bir çətinlik qalmır. Amma bu “şəfa” gerçək şəfa yox, sadəcə yalançı bir cin oyunudur. Müqəddəs Paisiyin barəsində danışdığı kimi. Bəli, insan faktiki olaraq gözlədiyini alır amma heç şübhəsiz ruhuna zərər vurur və çox güman ki, “hədiyyə” olaraq başqa xəstəliklər də əldə edir, həm bədən, həm də ruh xəstəliklərini.

Belə “şəfa” haqqında kahin Rodion özünün “İnsanlar və cinlər” (Sankt-Peterburq, 1993) kitabında yazır: “Ekstrasens-şamanlar… bədəndə enerjinin barbarca paylanması üsullarını tətbiq edirlər. Bunun nəticəsində xəstə orqan sağlam orqandan enerji alır və düzəlir, amma o biri orqan xəstələnir. Məsələn, xoranı sağaldırlar, amma insan qısa müddət sonra infarktdan ölür”.

Bunu okkultistlərin özləri də etiraf edirlər. Məşhur okkultist S.N. Lazaryev, yalançı elmi “Karma diaqnostikası” kitabının müəllifi, orada (s.11) qeyd edir: “Ekstrasensor korreksiya zamanı xəstəliyin səbəbi aradan qalxmır və xəstəlik istənilən vaxt başqa yerdə təzahür edə bilər”. Buradan görünür ki, insan cadugərə və ya ekstrasensə müraciət etməzdən əvvəl heç vaxt okkult praktikalarla məşğul olmasa belə, təkcə müraciətin özü belə cinlərə onun bədəninə, ruhuna və bütövlükdə həyatına təsir etmək üçün imkan yaradır.

Beləliklə, əgər söhbət hər hansı bədən xəstəliyindən hər nə bahasına olursa-olsun qurtulmaqdan gedirsə, bəli, bu mümkündür. Amma bu, həqiqi şəfa olmayacaq, çünki cinlərin prinsipcə şəfa vermək qabiliyyəti yoxdur. Buna görə də “şəfa” yox, yalnız “cinlərin müvəqqəti müdaxiləsi” demək olar və bu müdaxilədən sonra mütləq xəstəliyin təkrarı gəlir. Bu hadisəni çox ətraflı şəkildə tibb elmləri doktoru, iyeromonax Anatoliy (Berestov) özünün “Heyvanın sayı” (Moskva, 1996) kitabında təhlil edir:

“Ruhani xidmətçilərə və pravoslav həkimlərə yaxşı məlumdur ki, ekstrasenslərdə, bioenergetiklərdə və cadugərlərdə müalicə olunan insanların acı nəticələri necə olur. Əgər onlar sadəcə şarlatan yox, həqiqətən ekstrasenslərdirsə, onda bir sıra hallarda onlara müraciət edənlər öz xəstəliklərindən bir qədər yüngülləşmə və ya hətta şəfa ala bilirlər. Amma bir neçə ay, ən gec bir il sonra (mənim müşahidələrimə görə daha çox 2–6 ay arasında) xəstəlik yenidən və daha güclü şəkildə qayıdır, müalicəsi çox çətinləşir, tez-tez başqa orqanlar da zədələnir, ağır psixi pozuntular inkişaf edir və bəzən intiharla nəticələnir.

Bizim ruhani-tibbi təcrübəmiz – ekstrasenslər, bioenergetiklər və guya şəfaçılarda müalicə olunmuş insanlarla işləmək – aşağıdakı “okkult xəstəlik” sindromlarını ayırmağa imkan verir.

Psixotik və ya psixo-somatik sindrom, psixiatriyada yaxşı məlum olan Kandinski–Klérambo sindromu tipində inkişaf edir. Özünü belə göstərir: Əvvəllər psixi baxımdan tam sağlam insanlarda ekstrasenslərdə müalicədən bir müddət sonra izahsız, yəni səbəbi bilinməyən qorxular yaranır. Sonra isə əvvəl müraciət etdikləri xəstəlik yeni güclə qayıdır, ya da başqa orqana keçir. Bu xəstəlik müalicəyə çox çətin tabe olur, bəzən isə ümumiyyətlə müalicə olunmur. Tez-tez eyni xəstəlik ailənin yaxın üzvlərində də yaranır: uşaqlarda, ər-arvad arasında (xüsusilə əgər ekstrasensə ər müraciət etmişdisə və ya özü ekstrasensorika ilə məşğul olmağa başlamışdısa). Bundan sonra isə nevroz tipli məcburi qorxular baş qaldırır, məsələn, ölüm qorxusu, uşaqlara və ya yaxınlara bir şey olacağı qorxusu, nəqliyyata minməkdən qorxu. Bu fonda insan “səslər” eşitməyə başlayır, hansı ki, ona “bunu et, onu et” deyə əmr edir. Depressiya yaranır və get-gedə güclənir, səslər daha israrlı olur, insanın psixikasını idarə edir, intihar fikirləri təlqin edir. Xəstələr intihara cəhd edirlər və çox vaxt bununla da həyatları bitir.

Okkult xəstəlik uşaqlarda xüsusilə ağır keçir. A. Kaşpirovskinin seanslarından sonra epilepsiyaya meyilli bəzi uşaqlarda çox ağır epileptik tutmalar inkişaf edirdi, o həddə ki, epileptik status baş verirdi: yəni bir tutma bitməmiş digər tutma başlayırdı və adi tibbi tədbirlərlə onları dayandırmaq mümkün olmurdu. Belə uşaqları reanimasiya şöbələrinə yerləşdirməli olurdular. Amma onları həmişə xilas etmək mümkün olmurdu. Uşaqların ölüm halları da olurdu, həmçinin çox ağır fəsadlar müşahidə edilirdi, hətta dekortikasiyaya qədər (baş beynin qabığının məhvi). Bu halda uşaqlar ən ağır dərəcəli əlillərə çevrilirdilər.

İntihar və ya intihar cəhdi isə böyüklərə və gənclərə daha çox xasdır. Mən dəfələrlə ekstrasensorika və ya digər okkult fəaliyyətlərlə məşğul olmağa başladıqdan sonra inkişaf etmiş “okkult xəstəlik” fonunda intihara cəhd edən gənclərə şahid olmuşam.

Okkult xəstəliyin ikinci təzahürü isə məcburi (obsessiv) qorxular sindromudur. Mən dəfələrlə elə xəstələrə rast gəlmişəm ki, ekstrasenslərə və cadugərlərə müraciət etdikdən dərhal sonra onlarda adi müalicə üsullarına tabe olmayan məcburi qorxular sindromu inkişaf etmişdi. Yalnız təkrar-təkrar Tövbə, Müqəddəs Şəriklik (Evxaristiya) və Yağla Nurlandırma bu qorxuların kəskinliyini azaldır və xəstələrin müalicəsinə imkan verirdi.

Okkult xəstəliyin üçüncü təzahürü isə bizim müşahidələrimizə görə immunoloji pozğunluqlar və immunitetin zəifləməsidir. Bu, daha çox uşaqlarda müşahidə olunur. Onlar tez-tez soyuqdəymə, pnevmoniya, otit kimi xəstəliklərə tutulmağa başlayırlar. Ekstrasenslərin “müalicəsi”nin təsiri altında immunoloji reaktivliyin azalması barədə ekstrasens S.N. Lazarev məlumat verir. O, öz təcrübəsində bəzən sehr və cadugərlik üsullarından da istifadə edir.

Okkult xəstəliyin dördüncü, az rast gəlinməyən təzahürü isə xərçəng xəstəliklərinə tutulma hallarının artması, mövcud şişlərin ildırım sürəti ilə böyüməsi və xoşxassəli şişlərin bədxassəliyə çevrilməsidir. Mən dəfələrlə müşahidə etmişəm ki, A. Kaşpirovskinin teleseanslarına baxdıqdan sonra uşaqlarda beyin şişlərinin ildırım sürəti ilə böyüməsi baş verib. 1,5–2 həftə ərzində şiş kompüter-tomoqrafik müayinələrin də təsdiq etdiyi kimi nəhəng ölçülərə çatırdı və artıq əməliyyat mümkün olmurdu. Mən bir neçə dəfə qadınlarda ekstrasenslərin “müalicəsindən” sonra süd vəzi, uşaqlıq boynu və uşaqlıq mioması şişlərinin sürətli böyüməsini, eləcə də düz bağırsaq poliplərinin bədxassəliyə çevrilməsini də müşahidə etmişəm”.

Həqiqi şəfa Allahdan gələn şəfadır. Bu isə yalnız bədəni deyil, ruhu da xeyirə yönəldir. Həqiqi şəfa ilk növbədə ruhani şəfadır. Yalnız günahın dərk edilməsi, səmimi tövbə və Allaha üz tutmaq insanı “cinlərin müalicəsindən” doğan fəlakət vəziyyətindən xilas edə bilər.

Kilsə öz zəngin ruhani təcrübəsinə əsaslanaraq bədən xəstəliyini heç vaxt ruhun xəstəliyindən ayrı görmür, ruhun günahlardan tövbə ilə şəfa tapmasını birinci zərurət hesab edir. Xəstənin üzərində icra olunan Müqəddəs Yağla Nurlandırma duasında kahinlər yalnız cismani zəifliklərin şəfasını və təmizlənməsini deyil, həm də günahların bağışlanmasını diləyirlər. Yağla Nurlandırma həmişə Tövbə ilə başlanır, Ənənəyə görə isə hər şey Müqəddəs Şərikliklə tamamlanır. Kilsə bu “kompleks” Müqəddəs Sirlərin icrasında insana ən gərəkli olanı – İlahi kömək və lütfü görür. Bu lütf zəiflərə şəfa verir, gücdən düşənləri bərpa edir.

Belə bir kömək isə insanın Allaha üz tutması, səmimi və dərin tövbəsi olmadan mümkün deyil. İnsanın bütün ümidini yalnız Allaha bağlaması, “yan tərəfdə” guya şəfalar axtarmaması zəruridir. Kilsə Allaha üz tutmağı əsas və vacib hesab etməklə, heç vaxt tibbi yardımı da inkar etmir, çünki Allah bəzən həkimlərin əli ilə də insana şəfa bəxş edir.

protoiyerey Dionisiy Sveçnikov

Источник:
Sveçnikov Dionisiy, protoiyerey. Cinlər insanları sağalda bilərmi? [Elektron resurs] // İman əlifbası. 26.09.2025.
Комментарии для сайта Cackle