Protoiyerey Dionisiy Sveçnikov, Bakı və Azərbaycan yeparxiyasının gənclər şöbəsinin rəhbəri.
Содержание
1. Şamın özündə mənəvi mahiyyət yoxdur, o sadəcə mum və fitildir. Şam insanı dua əhvalına kökləyir, işıq verir və rəmzi məna daşıyır. Kilsə dükanından şam almaq “məbəd üçün” edilən ianənin bir formasıdır 2. Şam dua etmir, günahları bağışlamır və Allahı arzularımızı yerinə yetirməyə “məcbur” etmir 3. Şamlar Allaha lazım deyil; Allaha məqbul olan şam yandıran deyil, dua edən insandır 4. Şamlar “təmizlənmir”, yəni xüsusi şəkildə müqəddəsləşdirilmir, sadəcə istifadə üçün təqdis edilir 5. Şamları digər şamlardan yandırmaq olar 6. Şam qalıqları adətən məbəddə utilizasiya olunur 7. Şam yalnız təyinatına uyğun istifadə edilmədikdə və ya yanğın təhlükəsizliyi qaydaları pozulduqda insana zərər verə bilər 8. Şamların rənginin heç bir dini əhəmiyyəti yoxdur 9. ”Sağlıq” və “rəhmət” üçün xüsusi şamlar mövcud deyil 10. Səhvən rəhmət şamdanına qoyulan şam, sağlıq üçün dua edilən şəxsə ölüm və ya xəstəlik gətirmir 11. Əgər şam axır, əyilir və ya sönürsə, bunu heç bir halda “xüsusi işarə”, yaxşı və ya pis əlamət kimi qəbul etmək lazım deyil. Mistikaya yer olmayan yerdə mistika axtarmağa ehtiyac yoxdur 12. Şamın axıradək yanıb bitməsi və ya kilsə işçiləri tərəfindən kiçik bir qalıq formasında götürülməsi heç bir əhəmiyyət daşımır 13. Təbii mumdan hazırlanmış şamlar üstünlük təşkil edir
1. Şamın özündə mənəvi mahiyyət yoxdur, o sadəcə mum və fitildir. Şam insanı dua əhvalına kökləyir, işıq verir və rəmzi məna daşıyır. Kilsə dükanından şam almaq “məbəd üçün” edilən ianənin bir formasıdır
Fiziki-kimyəvi xüsusiyyətlərinə görə kilsə şamı “qeyri-kilsə” şamlarından əsaslı şəkildə fərqlənmir, o da mum və fitildən ibarətdir. Onun verdiyi işıq da adi şamın işığı kimidir. Elektrik işığının geniş yayıldığı dövrdə şamın işıq mənbəyi kimi əhəmiyyəti xeyli azalıb. Şamın özündə heç bir mistik və ya mənəvi enerji yoxdur. Lakin onun rəmzi mənası var: Şamın yanması möminin duasını simvolizə edir, onun imanını ifadə edir, Külli-İxtiyara, Əqdəs Məryəmə, müqəddəslərə və yaxınlarına olan məhəbbətin istiliyini göstərir, insanı Allahın hüzurunu xatırlamağa vadar edir.
Necə ki, mum odda ərıyib işığa çevrilir, eləcə də mömin insan şəxsi səyi və ilahi lütfün köməyi ilə günahkar haldan daha az günahkara, salehə, müqəddəsə tərəf dəyişib-dönüşür. Deməli, kilsə şamı xristianın mənəvi təmizlənməyə, dəyişməyə can atmasını da ifadə edir. Şamın məbəddə alınması məbədin saxlanması və fəaliyyəti üçün edilən ianədir; insanın Allah və Onun məbədi üçün özündən və yaxınlarından gətirdiyi könüllü qurbanıdır.
2. Şam dua etmir, günahları bağışlamır və Allahı arzularımızı yerinə yetirməyə “məcbur” etmir
Şam yandırıldıqda əsas olan duadır. Şam özü dua etmir; onu yandıran insan dua edir. Şam dua zamanı sadəcə “yardımçı bir vasitədir”, öz-özlüyündə isə heç bir gücə malik deyil. Kilsədə heç bir dua oxumadan sadəcə şam qoymaq tamamilə mənasızdır.
Daha bahalı şamlardan çox alıb bütün şamdanları doldurmaq və bunu dua etmədən etmək sanki Allaha müraciət deyil, “aradan çıxmaq”, “ödəmə” kimi görünür. Əlbəttə, xristian məbədinə şüurlu şəkildə gələn bir insanın şam alıb, onu yandırıb, amma qətiyyən Allahı və ya müqəddəsləri yada salmaması çətindir, lakin mümkündür, əgər o, xristianlığa yalnız formal olaraq mənsubdur və əslində duaların təsirinə inanmırsa.
Daha qəribə olan odur ki, bəziləri yalnız şam yandırmaqla günahlarının bağışlanacağına inanırlar. Halbuki günahları şam yox, Rəbb bağışlayır. Tövbəsiz günahların bağışlanması mümkün deyil.
Əlbəttə, şam yandırmaq Allahı arzularımızı həyata keçirməyə “məcbur edə” bilməz. Biz istəklərimizi dualarımızda dilə gətiririk və Rəbb kimin nə zaman və necə alacağını daha yaxşı bilir. Allahın niyə hər duaya dərhal cavab verməməsi isə ayrıca bir mövzudur və bu məqalənin məqsədinə daxil deyil.
3. Şamlar Allaha lazım deyil; Allaha məqbul olan şam yandıran deyil, dua edən insandır
Allah bütün kainatın Xaliqidir, buna görə də Onun şama ehtiyacı olduğunu düşünmək sadəlövhlükdür. Allahın insan haqqında qayğısını qısa şəkildə belə ifadə etmək olar: Allah bütün insanların xilasa və həqiqəti tanımağa gəlməsini istəyir. Şam yandırmaq insanı müəyyən mənada dua etməyə sövq etdiyinə görə bu, Allaha xoşdur. Allaha məqbul olan şamın yandırılması deyil, duanın özüdür.
4. Şamlar “təmizlənmir”, yəni xüsusi şəkildə müqəddəsləşdirilmir, sadəcə istifadə üçün təqdis edilir
Yayılmış fikrin əksinə olaraq, kilsə şamları “müqəddəsləşdirilmir”. Şamların üzərində kahinin oxuduğu dua “Kilsə şamlarının xeyir-duası üçün dua” adı ilə verilir və burada həm şamlara, həm də onları istifadə edən insanlara xeyir-dua verilməsi xahiş olunur. “Müqəddəsləşdirmə və xeyir-dua arasındakı fərq” haqqında daha geniş məlumat müvafiq məqalədə şərh edilir.
5. Şamları digər şamlardan yandırmaq olar
Lampa üzərindən şam yandırmaq arzuolunan deyil; ehtiyatsızlıqla mum tökülə bilər, yağa mum qarışa bilər və ya lampa sönə bilər. Bir çox məbədlərdə buna ciddi nəzarət edilir və işçilər xəbərdarlıq edə bilərlər. Lakin ehtiyatlı olmaq şərti ilə lampadan şam yandırmaq günah deyil. Buna baxmayaraq, şamları digər şamlardan yandırmaq daha məqsədəuyğundur.
6. Şam qalıqları adətən məbəddə utilizasiya olunur
Mümkün olan yerlərdə onları əridib yenidən yeni şamlar hazırlayırlar.
7. Şam yalnız təyinatına uyğun istifadə edilmədikdə və ya yanğın təhlükəsizliyi qaydaları pozulduqda insana zərər verə bilər
Şamlarla bağlı yayılan müxtəlif qorxuların və mövhumatların pravoslav inancı ilə heç bir əlaqəsi yoxdur.
8. Şamların rənginin heç bir dini əhəmiyyəti yoxdur
Pasxada qırmızı, Miladdə ağ, Üçlük bayramında yaşıl şam, bunlar sadəcə ənənələrdir. Kilsədə “ölüm üçün qara”, “məhəbbət üçün qırmızı”, “sağlamlıq üçün ağ” şam anlayışı yoxdur. Şamın rəngi ilə duanın təsirinin birbaşa bağlı olduğunu düşünmək və hər halda xüsusi rəngli şamdan istifadə etmək mövhumatdır və pravoslavlıqla heç bir əlaqəsi yoxdur.
Bəzən məbədlərə müxtəlif rəngli şam almaq istəyən insanlar gəlirlər. Bu istək çox vaxt insanın mövhumata meyilli olmasına və ya sehrlə bağlı məqsədlər güdməsinə işarə edir. Çox vaxt falçılar, ekstrasenslər öz “müştərilərini” məbədə göndərib müxtəlif rəngli şamlar aldırır, sonra da onları rituallarda istifadə edirlər. Bilmək lazımdır ki, kilsə şamlarından istifadə etməklə istənilən sehrli hərəkət, məbəddə və ya məbəddən kənarda ağır günahdır.
9. ”Sağlıq” və “rəhmət” üçün xüsusi şamlar mövcud deyil
Şam istər rəhmət şamdanında, istər ikona qarşısındakı yandırılsın, o yenə də sadəcə şamdır.
10. Səhvən rəhmət şamdanına qoyulan şam, sağlıq üçün dua edilən şəxsə ölüm və ya xəstəlik gətirmir
Geniş yayılmış bir mövhumat var ki, guya diri adam üçün şamı səhvən “rəhmət” üçün nəzərdə tutulan yerə qoysan, bu ona zərər verər. Guya bu xəstəlik və ya ölümlə nəticələnə bilər. Bu inancın kökü sehr rituallarına gedib çıxır.
Doğrudur, sehr və okkultizm sahəsində şamlar və başqa kilsə əşyaları rituallarda istifadə edilir, bu, müqəddəsə qarşı hörmətsizlikdir və “müştəriyə” bəzən zərərsiz görünə bilər. Bəzən açıq şəkildə cadugərlər insanları “ölüm üçün şam qoymağa” da göndərirlər. Bu zaman insan bunu qəsdən edir və bu hərəkət magiya baxımından xüsusi mənaya malik olur. Kilsədə edilən sehr ritulları “ən güclü” hesab olunur.
Bəs nə etməli, əgər şam yas şamlığına tamamilə təsadüfən, heç bir pis niyyət olmadan qoyulubsa? Narahat olmaq lazımdırmı?
Cavab sadədir: heç nə etmək lazım deyil və narahat olmağa da dəyməz.
Allah “şam qoymaqla işləyən avtomat” deyil. Allah kimin kimi və necə dua etdiyini görür. Əgər insan yaxınlarının sağlığı və xilası üçün dua edibsə, Allah bunu bilir. Lakin insanın məbədlə tanışlığını, dini savadını artırması, mövhumatlardan uzaqlaşması və şamlıqları qarışdırmaması üçün düşünməsi mütləq lazımdır.
11. Əgər şam axır, əyilir və ya sönürsə, bunu heç bir halda “xüsusi işarə”, yaxşı və ya pis əlamət kimi qəbul etmək lazım deyil. Mistikaya yer olmayan yerdə mistika axtarmağa ehtiyac yoxdur
Mövhumata meyilli insanlar hər şeydə işarələr axtarırlar və bunu şamlarda da görməyə çalışırlar. Əlbəttə, Allah istəsə, yanan şam vasitəsilə də bir nişan göstərə bilər, lakin bu, o demək deyil ki, şamla bağlı hər təbii hadisəni fövqəltəbii müdaxilə kimi qəbul etmək lazımdır.
Şamların çaxıldaması, axması, sönməsi onların keyfiyyətindən asılı ola bilər: mumun keyfiyyəti zəif ola bilər, fitilin diametri şamın diametrinə uyğun olmaya bilər. Həmçinin şam yandığı məkandakı mikroiqlim də təsir edir: məsələn, digər şamların arasında dayanan şam daha parlaq və daha tez yanıb tükənə bilər; cərəyan olan yerdə dayanan şam hava axını ilə sönə bilər. Burada heç bir mistika yoxdur, sadəcə fizika və kimya qanunlarıdır.
Amma əgər insan yenə də narahatlıq hiss edibsə, bu halda ən doğru reaksiya səmimi, qəlbdən gələn duadır.
12. Şamın axıradək yanıb bitməsi və ya kilsə işçiləri tərəfindən kiçik bir qalıq formasında götürülməsi heç bir əhəmiyyət daşımır
Kilsə işçilərinin şam qalıqlarını (bəzən hətta böyük hissələri) götürməsi ilə bağlı narahat olmağa heç bir əsas yoxdur. Qalıqları götürmək şamdanın içində qalan xırda parçaları çıxarmaqdan qat-qat daha rahat və təhlükəsizdir. Şamın tam yanıb bitib-bitməməsi dini baxımdan heç bir məna kəsb etmir.
13. Təbii mumdan hazırlanmış şamlar üstünlük təşkil edir
Əsrlər boyunca kilsə şamları arı mumundan hazırlanırdı. Bu gün də mum şamlar hazırlanır, lakin onları qismən və ya tam şəkildə digər materiallardan ibarət şamlar xeyli sıxışdırıb. Kimya və neft sənayesinin inkişafı ilə stearin və parafindən hazırlanmış şamlar meydana çıxdı. Bir müddət stearin əsas material idi, daha sonra xam neftin distilləsindən parafin əldə ediləndə parafin stearini demək olar ki, tam əvəz etdi. Bu materiallar istehsalı xeyli ucuzlaşdırır. Parafin şamlar mum şamlardan xeyli ucuzdur.
Hazırda məbədlərdə həm mum, həm parafin, həm də müxtəlif süni əlavələri olan şamlar mövcuddur. Əgər seçim imkanı varsa, üstünlük mum şamlara verilməlidir, çünki Allaha gətirilən şeyin ən yaxşı olması daha münasibdir. Bəzən bircə ədəd mum şam almaq, bir neçə parafin şam almaqdan daha yaxşıdır.
