Protoiyerey Dionisiy Sveçnikov
Yarasova Natalya Nikolayevna
Содержание
Bu inancın ağlasığmazlığı İrrasional inancın ilk əlaməti İrrasional inancın ikinci əlaməti Neqativizm: dini nevrotizmin əlaməti İnanc yoxsa “nevrotik dindarlıq” Dinlə psixologiyanın tələbləri arasında fərq varmı? Kilsəyə mənsub olmaq – Həyat yolu
“Elə olur ki, psixologiya birini deyir, din isə başqasını. Mənim üçün isə söhbət sağ qalmaqdan gedir. Əgər məndən dinin tələb etdiyi yolla getsəm, sınacağam və sadəcə yaşaya bilməyəcəyəm. Ona görə də kilsə həyatına daha dərindən qoşulmaq istəmirəm. Əksinə, kilsəyə də daha az getməyə başlamışam” (Praktikadan bir hadisə)
Bunlar əslində əmr və göstərişlərə (onları necə başa düşürsə) uyğun yaşamağa çalışan, amma bunu çox çətinliklə edən bir insanın sözləridir. Nəticədə o, tamamilə tükənib, özünü sındırılmış, emosional cəhətdən yorulmuş hiss edib. Psixoterapevtə müraciət etdikdə isə belə bir cavab eşidib: “Din, əlbəttə, yaxşıdır, amma sağlamlığı da düşünmək lazımdır!” və bu nəticəyə gəlib ki, dini həyatla sağlamlıq bir-birinə ziddir.
Bu inancın ağlasığmazlığı
Bu fəryadda gizlənmiş paradoksa – ağlasığmazlığa, məntiqi uyğunsuzluğa, yanlış (irrasional) düşüncə tərzinə diqqət edin.
Xristian imanına görə xristian dininin tələblərinə əməl etməyi xilasa və Məsihlə əbədi həyata gedən yol hesab edən bir insan dərin inamla düşünür ki, əgər bu yolla getsə, sınacaq və yaşaya bilməyəcək.
Bu köklü yanlışlıq zəif imanın, hətta bəlkə də, ümumiyyətlə iman olmamasının göstəricisidir.
Qəhrəmanımızın sözlərindən aydın görünür ki, o, əmr və göstərişlərə uyğun yaşamaq zərurətini ağır, dözülməz bir məcburiyyət kimi qəbul edir. Əlbəttə, Məsihə aparan yol bəzən çox çətin olur, bu yol iztirablarla, mübarizə ilə, özünü dəf etməklə doludur. Amma pravoslavların vəzifəsi ağrı və qüssənin içində belə təvazökarlığı öyrənmək, qəlbində Allah məhəbbəti, Onun yaxınlığını duymaq və Ona ümidlə gələn mənəvi sevinci böyütməkdir.
Xristian həyatına həddindən artıq kədərli və ümidsiz münasibət isə, adətən, insan yalnız öz gücünə arxalananda, Allahın köməyinə üz tutmayanda, Onunla əməkdaşlığa çağırıldığımızı və yalnız Onun mərhəməti və lütfü ilə xilas olduğumuzu unutanda baş verir.
İrrasional inancın ilk əlaməti
Gəlin gətirilmiş ifadənin psixoloji tərəflərinə nəzər salaq. Bu, çoxkomponentli düşüncə tərzi (inanc sistemi) ifadə edir ki, insan onun əsasında vəziyyəti qiymətləndirir, inkişafını proqnozlaşdırır, arzularını, motivlərini və məqsədlərini müəyyənləşdirir, davranışını planlaşdırır və həyata keçirir, özünə bəhanələr tapır.
Artıq qeyd edildiyi kimi, bu düşüncə tərzi paradoksaldır (ağlasığmazdır) , yəni, tərkibindəki inanclar bir-birinə ziddir. Deməli, psixologiya dili ilə desək, bu irrasional (məntiqsiz, yanlış, yalançı) bir düşüncə tərzidir.
Bu inancdakı ziddiyyətlərin arxasında insanın daxili meyllərinin toqquşması dayanır: bir tərəfdən o, dini tələbləri anlayır və bəlkə də qəbul edir, imanına görə onlara əməl etməli olduğunu bilir. Amma eyni zamanda psixoloqların dini tələblərə zidd olan bəzi nəticə və tövsiyələrini də qəbul edir.
Ortada “Koqnitiv dissonans” adlanan vəziyyət var, yəni, daxildəki müxtəlif inanclar arasında ziddiyyət. Psixikamız isə belə ziddiyyətlərdən xilas olmağa instinktiv şəkildə can atır. Adətən, bu zaman inanclardan birinin xeyrinə arqumentlər seçilir, digəri isə tədricən və ya sürətlə öz əhəmiyyətini itirir.
Bizim qəhrəman da bir müddət xristian kimi yaşamağa çalışdı, buna çox güc sərf etdi, amma artıq yoruldu və təslim olmağa hazırdır. Bununla belə, o, belə bir qərarın yanlış olduğunu anlayır və zəifliyinə bəraət qazandıracaq bəhanələr axtarır.
Onun psixoloji inancları açıq-aşkar xristianlığın sərt, bəzən də inanclı olmayanlara absurd görünən tələblərinə qarşı durur. Böyük ehtimalla o, psixologiyada özünə yazığı gəlməyin və tələbləri yüngülləşdirməyin əsasını tapır. Psixoloji faktları da elə yozur ki, özünə bütün dini tələblərə əməl etməməyə icazə versin və həyatını asanlaşdırsın.
Məsələn, sağlam ailə münasibətlərində ər-arvad çox vaxt öz “mən” lərini cilovlayır, şəxsi arzularından imtina etmək bahasına olsa belə bir-birlərinə qayğı göstərirlər. Arvad gəzintiyə çıxmaq istəsə də, evdə qalır və ərinə nahar hazırlayır. Ər dostları ilə istirahət etməyi arzulasa da, uşaqlarla məşğul olur və arvadına dincəlmək imkanı yaradır. Bu cür ailə fədakarlığı yalnız məişət məsələlərində deyil, həm də emosional vəziyyətdə özünü göstərir. Ağlı başında olan ər-arvad hər vəchlə öz fikrini üstün tutmağa çalışmaz, qarşı tərəfdən xarakterini dəyişməyi tələb etməz, əsəb və narazılıqlarını cilovlayar, inciklikdən və qınaqdan imtina edərlər, bir-birlərini qınamağa və günahlandırmağa can atmazlar. Söhbət, əlbəttə, ilk növbədə xristian əxlaqına zidd olmayan hallardan gedir. Amma hətta günah hallarında da hər iki tərəf özünü xristiana yaraşan şəkildə aparmağa çalışır. Bu münasibətlər xristian məhəbbətinin tələblərinə cavab verir: “Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz, kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz. Məhəbbət haqsızlığa sevinməz, həqiqətə isə şadlanar. O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər. Məhəbbət əsla tükənməz”. ( 1 Korinflilərə 13:4–8)
Dünya psixoloqlarının çoxunun baxışlarında isə hətta ailə münasibətlərində belə, birinci yerdə yaxınlarının rifahı deyil, şəxsi rahatlıq dayanır. Yorulmusansa uzan, qoy yeməyi başqası bişirsin. İstirahət etmək istəyirsənsə dincəl, qoy ev işlərini digəri görsün. Hətta o yorulubsa belə, bu, onun öz problemidir. Sən özünü haqlı sayırsansa, sərt və aqressiv şəkildə mövqeyini müdafiə edə bilərsən. Başqası incisə belə, bu artıq onun seçimidir. Əgər həyat yoldaşının davranışı səni əsəbiləşdirirsə, qıcıqlandırırsa, tam hüquqlusan ki, qəzəblənəsən, günahlandırasan, “tərbiyə” edəsən, mübahisə edəsən, hətta ondan ayrılasan.
Lakin sən xristian normalarına uyğun olaraq özünü sındırır, həyat yoldaşını sevindirmək üçün özündən imtina edir, onun xarakterinə dözür, bağışlayır, qayğı göstərirsənsə, deməli, guya öz ehtiyaclarını görməzdən gəlir, hisslərini sıxışdırır və bununla da öz sağlamlığına ciddi ziyan vurursan. Təəssüf ki, şəxsi rifaha yönəlmiş dünyəvi psixologiya üçün xristianlığın tələbləri həqiqətən də bir qədər mənasız görünür. Amma qeyd etmək lazımdır ki, xristian normalarına əməl etmək psixoloji rifah üçün yalnız o halda mənfi nəticələr doğura bilər ki, insan bu normaları daxilən qəbul etmədən, məcburi şəkildə yerinə yetirsin. Yəni, formal olaraq xristian həyatına qərar versə də, əslində bunu könüllü deyil, özünü məcbur edərək etsin.
Daha əvvəl qeyd etdiyimiz kimi, qəhrəmanımızın iman böhranı var. Görünür, o, niyə məhz dini tələblərə əməl etməli olduğunu dərindən anlamır. O, bu yolun onu sındıracağına, hətta ölümə aparacağına inanır və görünür, axirət həyatına da çox da etibar etmir. Ən azı onu dəyərsizləşdirir, həyatının əsas məqsədini isə sağlamlığı qorumaq və cismani ölümdən qaçmaqda görür. Hətta bu, Allahdan uzaq düşmək bahasına olsa belə. Məhz bu baxış bucağından, irrasional düşüncə tərzindən çıxış edərək o, başına gələn hər şeyi qiymətləndirir. Bu çərçivədə xristian normalarına əməl etmə zərurəti , yəni, insanın nəfsini aşmaq üçün çoxlu güc tələb edən yol ona lazımsız, maneə törədən və zərərli görünür.
Nəticədə isə biz imandan uzaqlaşmanı və bu seçimə bəhanələr axtarılmasını görürük. Halbuki bu davranış bir seçimdir, amma insan özünü inandırır ki, guya seçimi yoxdur: o sadəcə sağ qalmaq zərurətinə tabe olur.
Vəziyyəti daha da ağırlaşdıran isə özünü aldatmaqdır. İnsan öz inanclarının irrasional olduğunu anlamır, əksinə, onların məntiqli və əsaslı olduğuna əmindir. Özünü aldatma isə öz-özünü qoruyan sistem kimidir: insan mövqeyini bərk-bərk saxlayır və dəyişikliklərə qarşı çıxır. Onu inandırmaq, inanclarındakı ziddiyyətləri göstərmək cəhdləri adətən nəticəsiz qalır, hətta inciklik, ittiham və qıcıq doğura bilir. Bu dəyişikliklərə müqavimət bütün düşüncə tərzlərinə xasdır, amma özünü aldatma halında daha da güclüdür, çünki insanı həyəcan və ağrıdan qorumaq funksiyasını daşıyır və eyni işi görən psixoloji müdafiə mexanizmləri ilə dəstəklənir.
İrrasional inancın ikinci əlaməti
İndi isə həmin ifadədəki başqa bir irrasional komponenti qeyd edək.
“Əgər mən kilsə həyatına daha çox qoşulsam, sınaram” sözləri, dolayı yolla, insanın öz gələcəyi üçün müsbət perspektivləri görmədiyini, məğlubiyyətə fokuslandığını göstərir. Bu, qismən onunla bağlıdır ki, xristian həyat tərzinə uyğunlaşmaq üçün lazım olan şəxsi dəyişikliklər həmin insana həddindən artıq çətin, mümkünsüz görünür; daxili yenilənməni özündən ötrü qeyri-real hesab edir. Yaxud da ona elə gəlir ki, bütün bunları artıq sınayıb, amma heç nə kömək etməyib. Halbuki, əslində, daxili rifahı təmin edəcək zəruri dəyişikliklər baş verməyib. O, öz irrasional düşüncə tərzini çözməyib, şəxsiyyətindəki yanlışlıqları görməyib və ya düzəltməyib.
Başqa sözlə, dəyişikliklər yalnız xarici olub: o, davranışını müəyyən dini tələblərə uyğunlaşdırmağa çalışıb, amma daxili şəxsiyyətini yeniləməyib. Əslində, o, özünü yenidən qurmağa deyil, sındırmağa, müəyyən prinsiplərə uyğunlaşmaq üçün özünü zorla dəyişdirməyə cəhd edib. Ola bilsin ki, belə bir insan elə şəxsiyyət dəyişikliyinin özünü də “sındırılma” kimi qavrayır: “Deməli, dəyişmək özümü sındırmaqdır”. Bu isə yanlış olduğuna görə irrasional olan başqa bir düşüncə tərzidir; o, şəxsi kimliyini itirmək qorxusundan xəbər verir və dəyişməyə mane olur.
İrrasional inanclarla işləməyin üsullarından biri alternativ, konstruktiv inanclar axtarmaqdır. Psixoloqlar sağlam dəyişikliklərin mənasını daha yaxşı çatdırmaq və onlara qarşı qorxunu aradan qaldırmaq üçün uyğun metaforalar tapmağa kömək edirlər.
Özündə belə bir inancı tutduğunu hiss edənlərə isə başqa yanaşmanı təklif etmək olar: özünü tanımaq, yeniliklər öyrənmək, özünü kəşf etmək, böyütmək, şəfa tapmaq, bütövləşmək, özünü alaq otlarından təmizləmək (psixoloji travmaları və şəxsiyyətdəki təhrifləri aradan qaldırmaq), çiçəklənmək, inkişaf etmək, kamilləşmək. İlk baxışda bu cür ifadə dəyişməsi xırda görünə bilər, amma bu, problemin qavrayışını kökündən dəyişir və daxili müqaviməti aradan qaldırmağa kömək edir.
Neqativizm: dini nevrotizmin əlaməti
Qeyd etmək lazımdır ki, irrasional inanclar, narsissizmdən tutmuş depressiyaya qədər bütün nevrotik pozuntuların səbəblərindən biridir. Bizim misalda depressiv ovqat aydın görünür, nəticədə sağlam düşünmə qabiliyyəti zəifləyir və neqativ düşüncə tərzi asanlıqla insan şüurunda kök salır.
Bəs xristian kimi yaşamaq, kilsə həyatına mənsub olmaq, amma eyni zamanda sağlam qalmaq, nevroz və depressiyalardan əziyyət çəkməmək mümkündürmü? Birmənalı şəkildə bəli! Hətta tam psixi sağlamlıq yalnız bütün psixi strukturların, o cümlədən vicdanın və Allah susuzluğunun ahəngdar fəaliyyəti ilə mümkündür. Pravoslavlıq və pravoslav psixiatriya baxımından, depressiyalar və nevrozlar, müstəqil xəstəliklər olsa da, geniş mənada yalnız ruhani böhranın simptomlarıdır. Bu böhranın əsas səbəbi isə Allahla münasibətdə uyğunsuzluq, yəni Ondan uzaq düşməkdir.
Allaha iman təkcə ruhani həyatımızı deyil, gündəlik həyatımızı da müəyyən edir. O, bizim adi düşüncələrimizdə ifadə olunur və çox vaxt gündəlik çətinliklərə münasibətimizi formalaşdırır. Məsihə uyğun yaşasaq, hər baş verənə səbir və təvazökarlıqla yanaşarıq; əks halda isə narazılıq və qəzəblə. Biz ya başqalarının zəifliklərinə dözürük, ya da kiçik şeylərdə belə özümüzdən çıxırıq.
Nevrotik pozuntuların mahiyyətini düzgün anlamaq vacibdir. Onların təbiəti hələ tam açılmasa da, aydındır ki, mənbə baş verənlərə verdiyimiz reaksiyadır.
Bədən xəstəliklərində orqanizmin hüceyrələri birbaşa virusların, yaraların və ya hormon çatışmazlığının təsirindən zərər çəkir. Amma psixoemosional stress zamanı orqanizmə birbaşa zərər verən faktorlar olmur. Əvvəlcə biz baş verənləri özümüz üçün təhlükəli və ya xoş kimi qiymətləndiririk, sonra isə beynimiz bu qiymətləndirmə əsasında psixofizioloji reaksiyaları işə salır. Deməli, bizim bütün reaksiyalarımız əsasən öz düşüncə tərzimizdən asılıdır.
Əvvəlcə bizim xarakterimizdən və düşüncə tərzimizdən qaynaqlanan reaksiyalarımız meydana çıxır, yalnız bundan sonra müxtəlif xəstəlik nəticələri başlaya bilər. Depressiya və nevrozların əsas səbəblərindən biri neqativizmdir. Psixologiyada bu termin həyatın mənfi tərəflərinə həddindən artıq fokuslanmaq vərdişini bildirir.
Əgər biz neqativizmə meylliyiksə, həyatı qorxulu, daima təhlükə ilə dolu bir reallıq kimi qəbul ediriksə, ətrafımızdakıların bizi sevə bilməyəcəyini, yalnız qüsur axtardıqlarını düşünürüksə, problemləri isə “ümumdünya fəlakəti” kimi görürüksə, böyük ehtimalla yeni hadisələrin çoxunu da mənfi və təhlükəli hesab edəcəyik. Bu isə o deməkdir ki, biz daim müdafiə olunacağıq, hətta buna ehtiyac olmayan hallarda belə. Beləliklə, biz özümüzü stressə salırıq, həddən artıq yüklənirik və orqanizmdə dağıdıcı proseslər işə düşür.
Amma biz özümüzdə elə inanclar da formalaşdıra bilərik ki, çətin vəziyyətlərdə bizi dağıtmasın. Onda kimsə bizə qışqıranda qəzəbə qapılmaya, əksinə, onun özünü saxlaya bilməməsinə acıya bilərik. Tənqid eşidəndə isə özümüzü alçaldılmış hiss etməz, iradlardan nəticə çıxararaq işimizi obyektiv qiymətləndirər, hətta yaxşılaşdıra bilərik.
Belə möhkəm düşüncə tərzini uşaqlıqdan formalaşdırmaq daha asandır. Məsələn, kitab qəhrəmanlarının köməyi ilə. Karlsonun “Bu boş şeydir, həyatın adi halıdır” sözləri əsl “antinevroz” formulu sayıla bilər. Pişik Leopold isə oxuyurdu: “Bu xoşagəlməzliyi də geridə qoyacağıq”.
Böyüklərə isə xatırlatmaq lazımdır ki, neqativizm əslində günah ehtiraslarının simptomudur. Bu, məhəbbət, iman və ümid əvəzinə eqoizm, qorxu və ümidsizliyi seçdiyimizi göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST-nın) tədqiqatları göstərir ki, yüngül depressiyalar məhz düşüncə tərzinin dəyişdirilməsi və neqativist yanaşmadan imtina ilə sağalır. İnsan dağıdıcı düşüncə vərdişlərindən əl çəkir, inanc sistemini yeniləyir və nəticədə beynində neyrohormon balansı bərpa olunur.
Eyni şey nevrozlara da aiddir. Onların əsasında da insanın problemləri necə qavraması, emosional və düşüncə vərdişləri, müəyyən arzuların həyata keçməməsini düzgün qəbul edib-etməməsi dayanır.
Beləliklə, nevrotik pozuntulardan yayınmaq üçün biz özümüzü dəyişməliyik: düşüncə tərzimizi düzəltməli, özümüzü hətta xoşagəlməz hallarda da yaxşı tərəfləri görməyə alışdırmalıyıq. Əgər hansısa vəziyyətdə yaxşı tərəf görmək çətin olursa, gərək unutmayaq ki, gələcəkdə hər şey yaxşılığa doğru dəyişə bilər və ümidimizi itirməməliyik. Biz istəklərin və ehtiyacların bəzilərini həyata keçirmək mümkün olmadığını da qəbul etməyi öyrənməliyik. Əgər hansısa vəziyyəti dəyişə bilmiriksə, bunu şəxsi faciə kimi deyil, sadəcə, xoşagəlməz bir fakt kimi qəbul etməliyik. Bəzən isə bu qaydaya əməl etməliyik: vəziyyəti dəyişə bilmirsənsə, ona münasibətini dəyiş.
Ədəbiyyata da müraciət edək. Eldar Ryazanovun “Təbiətin pis havası yoxdur” şeiri başımıza gələnləri təvazökar şəkildə qəbul etməyin gözəl nümunəsidir. Hər bir vəziyyətdə ağıllı insan, əgər birbaşa sevinc tapmasa belə, heç olmasa mənəvi yüksəlişə səbəb ola biləcək bir mənanı mütləq görəcək və bununla da ümidsizliyə düşməyəcək.
İnanc yoxsa “nevrotik dindarlıq”
Həyat böhranları, yəni, hər şeyin istədiyimiz kimi getmədiyi anlar elə bir zəmin yaradır ki, biz bu şəraitdə özümüzdə təvazökarlığı və Allaha etimadı böyütməliyik. Psixoloji özünütənzimləmə bacarıqları isə bu mənəvi işdə bizə köməkçi ola bilər. Bəzi pravoslav psixoterapevtlər açıq şəkildə deyirlər ki, depressiya və nevroz təvazökarlığın çatışmazlığından doğan xəstəliklərdir.
Artıq depressiyada olan və ya başqa sinir pozuntusundan əziyyət çəkən insanlar o qədər ruhi və fiziki gücdən məhrum ola bilərlər ki, sevimli şirniyyatı üçün mətbəxə getmək belə onlara ağır gələ bilər, nəyin ki, kilsəyə getmək. Öz üzərində işləmək isə lap çətin görünür. Amma bu hal yalnız xəstəlik artıq ağırlaşanda baş verir. Çünki güclü qrip zamanı da, podaqra kəskinləşəndə də insana zəiflik hakim olur.
Lakin nevroz və depressiyalar bir anda yaranmır, onlar tədricən, bəzən uzun müddət ərzində inkişaf edir. Deməli, yanlış düşüncə tərzi, neqativizmə meyillilik və digər emosional vərdişlər insanda birdən-birə əmələ gəlmir, o, illərlə bu şəkildə yaşayır, düşüncələrini və hadisələrə reaksiyasını dəyişmir. Başqa sözlə, insan özünü tədricən depressiyaya və ya nevroza sürükləyir.
Bizim müzakirə etdiyimiz nümunədə də insanın hazırkı vəziyyəti kritikdir. Onun artıq ruhani həyata gücü qalmayıb. Amma bu, nəticədir. Bu nöqtəyə qədər kifayət qədər uzun bir dövr olub ki, həmin vaxt onun hələ gücü vardı. Görünür ki, həmin dövrdə həyatını düzgün istiqamətə yönəltmək cəhdləri kifayət qədər səmərəli və ya ağıllı olmayıb.
Ruhani həyatda həddən artıq yüklənmənin səbəblərini şərti olaraq iki qrupa bölmək olar:
1. Dini-ritual həyat;
2. Ruhani həyat (əmr və göstərişlərə əməl etmək, daim özünə diqqətli olmaq, təhriklərə və günah ehtiraslarına qarşı mübarizə aparmaq).
Əgər sinir tükənməsi kilsə həyatında baş verirsə, çox vaxt səbəblərdən biri ritual tələblərin icrası olur. Məsələn, səhər tezdən qalxıb liturgiyaya getmək, uzun xidmətləri dayanıqlı oxumaq, oruc tutmaq, səhər-axşam dualarını yerinə yetirmək, Tövbə və Şərikliyə hazırlaşmaq insana ağır gələ bilər.
Maraqlı faktdır ki, bəzən liturgiyaya getmək üçün güc tapmayan adam kinoya və ya iş yoldaşlarının tədbirinə asanlıqla hazırlaşa bilir. Təəssüf ki, bir çoxumuzda Məsihə can atmaq o qədər dərin deyil ki, kilsəyə getməyi daxili ehtiyac kimi görək, bunu şəxsi, səmimi arzu kimi yaşayaq. Əgər müzakirə olunan adamda belə bir ehtiyac olsaydı, kilsə həyatını tərk etmək məsələsi “sağ qalmaq” üçün vacib olmazdı. Əksinə, əmr və göstərişlərə əməl etməkdən, Allahın lütfünə yaxın olmaqdan doğan daxili təmizlik və doğruluq hissi onun üçün yaşamaq qədər vacib olardı.
Dini əməllər (dua, kilsəyə getmək, oruc və s. ) birbaşa imanla bağlıdır. Əgər insan həqiqətən Allaha inanırsa və Ona güvənirsə, bunlar onun üçün yalnız vacib bir vəzifə deyil, daxili ehtiyaca çevrilir. Öz zəifliyinə görə tənbəllikdən utanmaq, az imanına görə Allaha dua etmək bir şeydir, amma: “Bu məni yorur, məhv edir, mən onsuz da çətinlik içindəyəm” deyərək imandan imtina etmək başqa şeydir. Bu artıq az iman deyil, imansızlıqdır. Sözlər sərt səslənsə də, bəzən insan özünün nə qədər dərinə düşdüyünü anlamaq üçün bu acı “diaqnozu” qəbul etməlidir. Çünki dibə toxunmaq bəzən yuxarı qalxmaq üçün başlanğıc ola bilir.
Bu deyilənlər yalnız zahiri dini əmələ deyil, daxili həyatımıza da aiddir. Məsələn, ehtiraslarla mübarizə aparmaq. Günah arzularına təslim olub qəzəbə, paxıllığa, inciyib-kin saxlamağa qərar verən insan sağlam ola bilərmi? Dini təlim bizdən nə istəyir: qonşunu sevmək, qəzəbi gün batana qədər yatırtmaq, inciməmək, tənbəllik etməmək, ümidsizliyə düşməmək, paxıl olmamaq, zina etməmək, lovğalanmamaq, valideynə hörmət etmək, qətl törətməmək, Allahı birinci yerə qoymaq… İndi isə əksini təsəvvür edin: nifrət etmək, qəzəblənmək, inciyib kin saxlamaq, tənbəllik etmək, ümidsiz yaşamaq, paxıl olmaq, zina etmək, eqoist olmaq, valideynləri təhqir etmək, qətl etmək, Allahsız yaşamaq. Bu davranış sağlam və adekvat bir insana oxşayırmı? Deməli, insanı məhv edən xristianlığın tələbləri deyil, əksinə, onların yoxluğudur.
İnsanı tükəndirən əmr və göstərişlərə əməl etməyin özü deyil, əksinə, mənasız məcburiyyət hissidir. Məsələn, insan dini həyata fanatik həvəslə girir, gücünü düzgün bölmür, nəticədə yorulur, motivasiyasını itirir və hər şeyin mənasını görməz olur. Bu zaman o, artıq tənbəlliyi aşmaq üçün yox, “niyə etdiyini” anlamadan özünü zorlayır. Bundan başqa, öz üzərində işləməli olduğunu ədalətsiz hesab edə bilər, çünki ətrafında kimlərsə xristian kimi yaşamır. Burada isə kibir, tənbəllik, paxıllıq, inciklik, eqoizm və sonda ümidsizlik kimi günahlar işə düşür.
Belə olanda insan özünə deyir: “Əgər davam etsəm, sınacağam və sağ qalmayacağam”. Bu isə artıq nevrotik dindarlığın bariz nümunəsidir.
Ruhani həyatdakı yorğunluğu aşmaq üçün əsas açar səmimi arzu və şəxsi motivasiyanı anlamaqdır. Dünyəvi psixologiyada buna “motivasiya” deyirlər. Stress nəzəriyyəsinin müəllifi Hans Selye qeyd edir ki, stress dağıdıcı olmaması üçün insanda gördüyü işin mənası barədə şəxsi anlayış olmalıdır. Viktor Frankl da öz məşhur kitabında (“Həyata “Hə” demək”) yazırdı ki, ən ağır şərait belə insana özündən yuxarı qalxmaq imkanı verir.
Əgər insan sadəcə “qəzəb pisdir, günahdır” deyə qəzəbini basdırmağa çalışırsa, o, onu susduracaq, amma aradan qaldırmayacaq. Qəzəbi həqiqətən aşmaq üçün onun ruh üçün zərərli olduğunu dərk etmək və ondan qurtulmağın şəxsi mənasını tapmaq lazımdır. Hər günahın əksi olan fəzilət yetişdirilməlidir. Qəzəbin əksi mülayimlikdir. Məsih deyir ki, mülayimlik xilas və ilahi birləşmənin şərtidir. Deməli, mən Allaha qovuşmaq istədiyim üçün mülayim olmalıyam.
Bu halda mənim seçimim olur: ya buradaca hirslənib içimi boşaldım, ya da mülayimlik və məhəbbəti seçib həm özümü qoruyum, həm də yaxşı işlər görüm. Özünü qorumağın sirri isə eqoizmə qarşı çıxmaq, başqasını sevməkdir.
Belə yanaşanda insan öz-özünə deyir: “Mən bunu edirəm, çünki istəyirəm, çünki bu, mənim üçün doğru və vacibdir”. Hətta: “Mən başqa cür edə bilmərəm”. Bu düşüncə tərzi xristianlığın tələbləri ilə şəxsi ehtiyaclarımızı uyğunlaşdırır, daxili ziddiyyətləri azaldır, bəzən isə tam aradan qaldırır.
Amma səhvləri dərk etmək üçün insan əvvəlcə özünüaldatma ehtimalını qəbul etməli, sonra isə psixoloji müdafiələrini aşaraq hansı düşüncə xətalarının olduğunu görməli və davranışını düzəltməlidir.
Dinlə psixologiyanın tələbləri arasında fərq varmı?
Gətirilən fikirdəki başqa bir irrasional yanaşma psixologiya ilə dinin fərqli şeylər söylədiyi düşüncəsidir.
Əvvəla, psixologiya psixologiyadan fərqlənir. Freydin psixoanalizi, doğrudan da, bir çox cəhətdən xristianlığa ziddir. Amma pravoslav psixologiyası insan haqqında xristian təliminə əsaslanır.
İkincisi, başa düşmək vacibdir ki, psixoloji faktlar var, bir də onların yozmaları. Çox vaxt bizim yozmalarımız mövzunu kifayət qədər bilməməyə və ya dərk etməməyə söykənir, həmçinin inanclarımız, baxışlarımız və hətta istəklərimizlə şərtlənir.
Məlumdur ki, qəzəbin daim basdırılması hipertoniyaya səbəb ola bilər. Bəzən insanlar belə nəticəyə gəlirlər ki, guya qəzəblənməməyi tələb edən xristianlıq sağlamlığa zərərlidir və belə çıxır ki, “psixologiya bir söz deyir, din isə başqa”. Amma bu, yalnış məntiqdir. Qəzəbin basdırılmasının hipertoniyanın yaranmasında rol oynaması xristianlığa heç cür zidd deyil. Xristianlıq da qəzəbin zərərindən danışır, çünki o, təkcə bədəni deyil, ruhu da dağıda bilən günahkar bir ehtirasa çevrilə bilər. Amma dinimiz bizdən qəzəbi boğmağı deyil, daxili aləmimizi elə qurmağı tələb edir ki, orada nahaq qəzəbə yer qalmasın. Nahaq qəzəb olmayanda psixikaya da zərər olmayacaq.
Yəni hər iki izahda da qəzəb insana zərər vura bilər, əgər ondan düzgün istifadə olunmazsa. “Müqəddəslər qəzəbi tamamilə inkar etmirdilər, sadəcə ona düzgün istiqamət verməyi tövsiyə edirdilər” (oxucu Kirill Borisov. “Xilas naminə yalan, haqlı qəzəb və ağ rəqabət hissi” ). Əlbəttə, haqlı qəzəb də olur. Ancaq belə qəzəb günahkar vəziyyəti düzəltməyə sövq edən bir motivdir, o, bizim şüurumuz üzərində hökm qurmur və onu cilovlamağa ehtiyac qalmır.
* * *
Üçüncüsü, psixologiya bizə nə etməyi göstərmir. Heç bir yaxşı psixoloq sizin yerinizə qərar qəbul etməz, sizi gündəlik həyatınızda belə və ya başqa cür davranmağa məcbur etməz. O, sizə probleminizlə bağlı olan psixi proseslər haqqında məlumat verər, vəziyyətinizi və onun səbəblərini daha yaxşı anlamağa kömək edər, situasiyanın inkişaf variantlarından danışar, davranış strategiyaları barədə təsəvvürlərinizi genişləndirər, hansısa hərəkətlərin xoşagəlməz nəticələrini azaltmaq və ya emosional üstünlüklər əldə etmək yollarını, uğura aparan ehtimal olunan yolları və uğursuzluq risklərini izah edər. Amma bu biliklərlə nə edəcəyinizə, hansı yolla gedəcəyinizə, nəyi seçəcəyinizə artıq siz özünüz dünya görüşünüzə, arzularınıza, gözləntilərinizə, məsuliyyət daşımağa və qərarınızın nəticələrini qəbul etməyə hazır olmağınıza uyğun olaraq qərar verirsiniz.
Başqa sözlə desək, psixoloji bilik və texnikalar sadəcə alətdir, onlarla nə edəcəyiniz isə sizin seçiminizdir. Siz hətta psixoloji narahatlıq gətirə biləcək davranışı da seçə bilərsiniz və gücünüzü bu seçimin mənfi nəticələrini dəf etməyə yönəldə bilərsiniz.
Yenidən xristianlığın tələbinə, yəni, mülayim olmağa, qəzəb günahına tabe olmamağa qayıdaq. Müqəddəs ataların əsərlərində biz bu barədə necə davranmalı olduğumuza dair məsləhətlər tapırıq. Bunlar əsasən izahlar və öyüdlərdir. Psixologiya isə qəzəb yaranarkən orqanizmimizdə nələrin baş verdiyini araşdırır və bu psixofizioloji biliklərə əsaslanaraq özünü tənzimləməyin konkret üsullarını təklif edir (məşhur “10-a qədər saymaq” metodu, nəfəs texnikaları və digər relaksasiya üsulları, diqqəti yayındırmaq və s.), həmçinin qəzəbə meyilliliklə mübarizə aparmağa imkan verən inanc sisteminin yenidən qurulması texnikalarını təqdim edir.
Pravoslavlıq isə bizə xilas üçün nə etmək lazım olduğunu öyrədir. Bu tələblər adətən detallı şəkildə deyil, ümumi prinsiplərlə ifadə olunur (qəzəblənməmək, yalan danışmamaq və s.). Amma hətta Rəbbin özü bizi məcbur etmir, sadəcə əmrlərə əməl etməyə çağırır. Bununla Allah bizim azadlığımızı pozmur, əksinə, bizə Həyat naminə düzgün seçim etmək üçün bənzərsiz bir imkan verir. Allah Kilsə vasitəsilə bizə xilas susuzluğunu yatırmaq üçün “alətlər” verir.
Kilsəyə mənsub olmaq – Həyat yolu
Biz artıq məqalənin əvvəlində səsləndirilən yanlış düşüncəni pravoslav psixologiyası baxımından ətraflı nəzərdən keçirdikdən sonra, indi onu Allahın Vəhyinə və müqəddəs ata irsinə əsaslanan Kilsə təlimi baxımından geniş təhlil etməliyik.
Bunun üçün kilsəyə mənsub olmağa düzgün tərif vermək və onun insana hansı üfüqləri açdığını izah etmək lazımdır. Kilsəyə mənsub olmaq möminin Allaha, xilas yoluna yaxınlaşması, Kilsə Sirləri və ibadətlərində müntəzəm iştirak etməsi, pravoslav imanını öyrənməsi, mənəvi kamilləşməsi deməkdir. Xilas Allahın işidir, məhz O, bizi Öz böyük rəhmi ilə xilas edir, lakin bunu bizim iştirakımız olmadan etmir. Kilsəyə mənsub olmaq insana öz xilasında fəal iştirak etmək imkanı verir.
Çox vacibdir ki, insan başa düşsün: Allah Kilsədə xilas üçün bütün zəruri vasitələri verib və Kilsə xaricində bunlar mövcud deyil. Kilsəyə mənsub olan insan həqiqi Allaha inanır və dualar, Müqəddəs Yazıları oxumaq, inanc öyrənmək, Tövbə və Şəriklikdə iştirak, xeyirli əməllər və asketik məşqlərlə Allaha yaxınlaşır. Xilas Əbədi Həyatdır.
Amma bizim qəhrəmanımız bu fürsətdən könüllü olaraq imtina edir. O düşünür ki, kilsəyə mənsub olmaq onu “sındırır” və onu sağ buraxmayacaq. Lakin onu sındıran heç də kilsəyə mənsub olmaq deyil, yanlış başa düşülmüş formasıdır. Kilsəyə mənsubluğun məqsədini anlamadan, çox güman ki, o, Kilsə təlimini yalnız qadağalar və icazələr sistemi kimi qəbul edir, hansılara əməl etməyi vacib bilib insanın kilsəyə qoşulduğunu düşünür. Elə bu yanlış təsəvvürə qarşı çıxmaq, daxili müqaviməti yaradır, çünki hər hərəkət qarşılıq doğurur.
Amma xristianlıq qanun və qaydalar toplusu deyil, xristianlıq azadlıq dinidir. Azadlıq isə öz növbəsində hər hərəkətə şəxsi məsuliyyət daşımağı nəzərdə tutur. Azadlığı hər şeyə icazə kimi başa düşmək xristianlıq anlayışına tamamilə ziddir. İnsan günah işləmək və ya saleh yaşamaq seçimində azaddır. Allah heç kəsi zorlamır, lakin bizə Həyatın “təlimatını” yəni, əmr və qaydaları verir, hansı ki, Allaha inanan insan könüllü şəkildə həyatını xüsusi şəkildə qurur ki, Səmavi Padşahlığa çatsın.
Məhz Kilsədə insan tam şəkildə Allahın verdiyi xilas ümidini verən “alətlərdən” istifadə edə bilər. Əgər insan tövbə və müqəddəs Şəriklik iştirakını məhdudlaşdırır, kilsəyə getməyi dayandırırsa, demək, Allahın verdiyi xilas imkanından imtina etmiş olur. Məlumdur ki, müqəddəs yer boş qalmır. Allah olmayan yerdə, onun yerini şeytan tutmaq istəyəcək. İnsan Allahdan nə qədər uzaqlaşırsa, o qədər öz üzərində şeytana güc verir. Günahlar və ehtiraslar vasitəsilə insanın iradəsini şeytana tabe etməsini burada ətraflı izah etməyəcəyik, sadəcə qeyd edək ki, bu asan baş verir, amma bu asılılıqdan çıxmaq çox çətindir və bəziləri üçün tamamilə mümkünsüz olur.
Beləliklə, kilsəyə mənsub olmaqdan imtina etmək qəhrəmanımızın düşündüyü kimi sağ qalmaq məsələsi deyil, əslində doğru ölüm, yəni ruhani ölüm deməkdir. Fiziki ölüm də gec-tez gələcək. İnsan Böyük Məhkəmədə Allaha nə cavab verəcək? Həyatını bütünlüklə İlahi məhəbbətdən ayrı tutmaq cəsarətini və Allahla birlikdə olmaq istəməməsini haqqlandıra biləcəkmi? Təəssüf ki, xeyr.
Bəs qəhrəmanımızı kilsəyə mənsub olmaqdan belə qorxudan nədir? Onu bu prosesdə çaşdıran, mənasını tam anlamadığı və ya ümumiyyətlə anlamadığı hərəkətləri etmək zərurətidir. Müntəzəm ibadətlərdə və Sirlərdə iştirak, Müqəddəs Yazı və müqəddəs ataların əsərlərini öyrənmək, evdə dua, oruc və s. bunların hamısı birlikdə çətin görünə bilər, amma vacibdir. Bu zaman yuxarıda qeyd olunan “koqnitiv dissonans” yaranır. İnsan ziddiyyətlərdən qurtulmağa çalışır və bunu edərkən ən yaxşı çıxış yolu kimi kilsəyə mənsub olmaqdan tam imtina edir. Lakin bu yanaşma əsasən yanlışdır.
Əvvəla, kilsəyə mənsub olmaq mərhələli prosesdir. Heç kimdən bir anda böyük ruhani təcrübəyə sahib olmaq və ya bütün mümkün və qeyri-mümkün əməlləri yerinə yetirmək tələb olunmur. Məsələn, oruc və dua asketik təcrübələrdir, təcrübə zamanla qazanılır və ömür boyu davam edir.
İkincisi, kilsəyə mənsub olmaq daha yaxşı olar ki, ruhani rəhbərin məsləhətləri əsasında baş versin. Tez-tez yeni xristian hər şeyi bir anda etmək istəyir. O, ağır monastır qaydası ilə oruc tutmağa, dua etməyə çalışır. Bu, əgər sistemsiz baş verirsə, insanı ruhani olaraq sarsıda və ya zərər verə bilər. Qəhrəmanımız da bəlkə buna görə qaçır. Lakin problem Kilsənin təklif etdiyi çətin və təhlükəli bir şeydə deyil, onun yanlış yanaşmasındadır. Psixoterapevt də müştərinin səhvini anlamadan, onu dinin dərinliyinə girməkdən qorumağa çalışır.
* * *
Aydındır ki, həm pravoslav psixologiyası, həm də din insanın daxili azadlığından, onun seçim hüququndan, daxili rifah əldə etmək üçün ruhunda nizam-intizam yaratma zərurətindən danışır. Bu məsələdə onların arasında heç bir ziddiyyət yoxdur. Psixologiya, demək olar ki, xristianın can atdığı hədəfə çatmaq üçün mümkün praktik yolları, üsulları təklif edir.
Beləliklə, guya psixologiya ilə əsaslandırılan kilsəyə mənsub olmamaq istəyi ciddi bir yanlışdır və insanı həqiqətən məhv edə bilər. Bu, Allaha müqavimətin, incikliyin, narazılığın, etimadsızlığın, həmçinin insanın Kilsədə nə etməli olduğunu yanlış anlamasının göstəricisidir.
Şübhəsiz ki, Pravoslavlığın hikmətinin heç olmasa bir hissəsini ağıl ilə dərk etmək üçün illər və böyük mənəvi güc lazımdır. Həm də ruhani həyat sürmək lazımdır ki, yalnız eşitməyəsən, həm də Rəbbin bizi nəyə çağırdığını həqiqətən dinləyəsən. Bu ağıl ilə olduqda belədir. Yəni hər şeyi bilmək və yadda saxlamağa çalışdıqda.
Pravoslavlığı qəlb ilə duymaq üçün isə Allaha açılmaq vacibdir. Yalnız inanmaq deyil, həm də Ona etibar etmək, Özünü Ona həvalə etmək lazımdır. O zaman hər şey qat-qat asan olacaq!
“Sən qayğı yükünü Rəbbə ver, qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz”. (Məzmurlar 55:22)
Protoiyerey Dionisiy Sveçnikov,
Natalya Yarasova, Tula yeparxiyasının Missionerlik şöbəsinin əməkdaşı.
