Kondak 1:
Sənə, ey Allahımızın Validəsi, Müzəffər Sərəsgər Mələkə, hər şərdən qurtulan bəndələrin, bu şükür nəğməsini söyləyir. Sən isə, ey alınmaz qalanın Sahibəsi, bizi hər fəlakətdən qoru, biz də Səni tərənnüm edək: Sevin, ey Bəysiz Gəlin!
İkos 1:
Ali-Mələk Allahın Validəsinə “Sevin” demək üçün səmadan göndərildi. Və Sənin, ya Rəbb, Ondan vücud aldığını görəndə cisimsiz mələk heyrət edərək dayandı və ona səsi ilə belə nida etdi:
Sevin, vasitənlə Sevinc şəfəqlənir;
Sevin, vasitənlə lənət sona çatır.
Sevin, qovulan Adəmi cənnətə dəvət edən;
Sevin, Həvvanın bütün göz yaşlarını silən.
Sevin, insanın ağlı ilə dərk edə bilməyəcəyi ucalıq;
Sevin, Mələklərin gözlərinə belə görünməz dərinlik.
Sevin, çünki Səmavi Padşahın Ərşisən;
Sevin, çünki Haqq-Təalanı qucağında tutursan.
Sevin, Günəşdən əvvəl görünən Dan Ulduzu;
Sevin, bətninə aldın Allahın Vücudunu.
Sevin, çünki sənin vasitənlə dünya yenilənir;
Sevin, çünki Səndən Xaliqimiz Körpə olub gəlir.
Sevin, ey bəysiz Gəlin!
Kondak 2:
Əqdəs Məryəm özünü pakizə və ləkəsiz bildiyi üçün Cəbrayıla cəsarətlə söylədi: «Sənin bu anlaşılmaz xəbərinin ürəyimdə qəbulu çətin görünür, çünki bakirəliyimdə hamilə olub doğacağımı söyləyib, nida edirsən: HalleluYah.
İkos 2:
Bakirə, dərkedilməz sirri dərk etmək istəyərək, bu sirrin xidmətçisi Mələkdən soruşdu: pak olan bətnimdən oğulun dünyaya gəlməsi necə mümkün ola bilər? Söylə mənə. O da qorxu ilə belə cavab verdi:
Sevin, təsvirəgəlməz biliyin mühafizi;
Sevin, diləgəlməz sirlərin keşikçisi.
Sevin, Məsihin möcüzələrinin əvvəli;
Sevin, Onun ehkamlarının zirvəsi.
Sevin, Allahı yer üzünə endirən səmavi nərdivan;
Sevin, ey Körpü, yer üzündəki insanları səmaya çıxaran.
Sevin, mələklərin izzətlədiyi möcüzəsən;
Sevin, çünki cinlərin ağrı dolu məğlubiyətisən.
Sevin, Nuru təsvirəgəlməz halda mövlud edən;
Sevin, kimsəyə bu sirri aşkar etməyən.
Sevin, alimlərin elmindən üstün olan;
Sevin, imanlıların zehinlərini aydınladan.
Sevin, ey bəysiz Gəlin!
Kondak 3:
Uca Allahın qüdrəti Bakirə olan Məryəmin hamilə olması üçün üstünə kölgə saldı, və xilas olmaq istəyənlər onun gözəl Bəhrə verən bətnini ləzzətli bir tarla olduğunu görən zaman nida edirlər: HalleluYah
İkos 3:
Bətnində Allahı daşıyan Bakirə tələsdi Elizabetə dəyməyə və onun salamını hiss edən bətndəki Yəhya, sanki onu tərifləyircəsinə sevinclə tərpənib Allahın Validəsinə nida etdi:
Sevin, Yessey kökünün solmayan fidanı;
Sevin, əbədi Bəhrə verən əkin yeri.
Sevin, insansevər Əkinçini bətninə alan;
Sevin, ömrümüzün Bağbanını tövlid edən.
Sevin, bol rəhmi yetişdirən tarla;
Sevin, mərhəmətlə dolu süfrə.
Sevin, qida bağçasını çiçəkləndirən;
Sevin, canlara nicat limanı hazırlayan.
Sevin, şəfaətin buxur ətiri;
Sevin, dünyaya gətirdin kəffarəni.
Sevin, Allahın insanlara olan məhəbbəti;
Sevin, insanların Allaha olan cəsarəti.
Sevin, ey bəysiz Gəlin!
Kondak 4:
İsmətli nişanlın Yusif sənin hamiləliyini görəndə, ey Pakizə Bakirə, cürbəcür şübhəli fikirlərə qapılıb pərt oldu, lakin sənin Müqəddəs Ruhdan hamilə olduğunu bilən zaman söylədi: HalleluYah.
İkos 4:
Çobanlar Məsihin təcəssümünə həmd edən Mələkləri görüb, Əsl Çoban olan Məsihi taparaq Onu Məryəmin bətnində otlamış ləkəsiz pak Quzu kimi gördülər və Bakirəyə nəğmələr söyləyərək dedilər:
Sevin, Quzunun və Çobanın Anası;
Sevin, ruhani sürünün arxacı.
Sevin, görünməz düşmənlərdən qoruyansan;
Sevin, cənnətin qapılarını açan açarsan.
Sevin, çünki göydəkilər sevinirlər yer sakinləri ilə;
Sevin, çünki yer sakinləri bayram göydəkilər ilə.
Sevin, ey Həvarilərin susmayan səsi;
Sevin, ey şəhidlərin müzəffər cəsarəti.
Sevin, imanın sarsılmaz təməli;
Sevin, lütfün parlaq əlaməti.
Sevin, çünki vasitənlə çılpaqlaşdı cəhənnəm;
Sevin, çünki vasitənlə büründük izzətə.
Sevin, ey bəysiz Gəlin!
Kondak 5:
Münəccimlər, Allah yolunu göstərən ulduzu görəndə, onun işığını bir çıraq kimi tutaraq onun vasitəsilə qüdrətli Padşahı aradılar və Dərkedilməz olana Allaha çatıb sevinclə ona nida etdilər: HalleluYah
İkos 5:
Xaldeylilərin oğulları insanları Öz əlləri ilə xəlq edəni Bakirənin qucağında gördüklərində, Onun bəndə şəkli almış Rəbb olduğunu anladılar və dərhal Ona hədiyyələr təqdim edərək, Onun mübarək Validəsinə belə nida etdilər:
Sevin, ey batmayan ulduzun Validəsi;
Sevin, sirrli günün şəfəqi.
Sevin, yalan ocağını söndürən;
Sevin, Üçlüyə iman edənlərini nurlandıran.
Sevin, amansız zalımı devirən;
Sevin, Rəbb Məsihin insansevərliyini göstərən.
Sevin, bütpərəstlərin dinindən bizi xilas etdin;
Sevin, faniliyin palçığından çəkib çıxartdın.
Sevin, atəşpərəstliyin odunu sondürən;
Sevin, ehtiraslarının alovundan qoruyan.
Sevin, imanlıların paklıqda mürəbbiyəsi;
Sevin, bütün nəsillərin sevinci.
Sevin, ey bəysiz Gəlin!
Kondak 6:
Münəccimlər Allahın müjdəçiləri olub Babilə qayıtdılar, və Sənin kəlamını yerinə yetirərək hər kəsə sənin Məsih olduğunu müjdələdilər, Hirodun isə yalançı olduğunu göstərərək tərk etdilər onu, çünki bilmirdi həmd nəğməsini: HalleluYah
İkos 6:
Ey Xilaskarımız, Misiri Öz həqiqət Nuru ilə şəfəqləndirərək yanlış olan zülməti qovdun, çünki Misirin bütləri Sənin qüdrətinə dözə bilməyib düşdülər və onlardan xilas olanlar, Allahın Validəsinə nida etdilər:
Sevin, ey insanların ucalması;
Sevin, ey cinlərin alçalması.
Sevin, yalanın alçaqlığını məğlub etdin;
Sevin, bütlərin hiyləsini aşkar etdin.
Sevin, çünki ruhani Fironu məhv edən dənizsən;
Sevin, həyata susayanlara su verən qayasan.
Sevin, zülmətdə olanları yönəldən alov dirəyisən;
Sevin, buluddan daha geniş olan dünyanın örpəyisən.
Sevin, mannanın əvəzini dünyaya gətirmisən;
Sevin, müqəddəs sevincin xadiməsisən.
Sevin, ey vəd edilmiş torpaq;
Sevin, bal və süd axan torpaq.
Sevin, ey bəysiz Gəlin!
Kondak 7:
Şimon bu yalançı dünyadan ayrılmağa hazırlaşarkən, bir Körpə olaraq onun qucağına verildin və ona Allah kimi aşkar oldun; Beləliklə o, Sənin fövqəladə hikmətinə heyrətlənib nida etdi: HalleluYah
İkos 7:
Xaliqimiz bakirə bətndən dünyaya gəlib onun bakirəliyini pozulmadan saxladı və beləliklə yeni xilqətin xüsusiyyətini göstərdi. Biz isə bu möcüzəni görüb gəlin Bakirəyə ilahilər söyləyək:
Sevin, ey solmazlığın çiçəyi;
Sevin, ey ismətliyin tacı.
Sevin, ey dirilmənin şəfəqini aşkar edən;
Sevin, ey mələk həyatını bizə göstərən.
Sevin, ey imanlılara dadlı meyvə verən ağac;
Sevin, çoxlarını gizləndən kölgəsi geniş ağac.
Sevin, əsirləri azad edən Xilaskarı bətnində daşıyan;
Sevin, azanların bələdçisini dünyaya gətirən.
Sevin, ədalətli Hakimə bizim üçün yalvarırsan;
Sevin, hamının günahlarının bağışlanmasısan.
Sevin, ümidsiz çılpaqların geyimisən;
Sevin, hər həsrətə qalib gələn sevgisən.
Sevin, ey bəysiz Gəlin!
Kondak 8:
Qeyri-adi bir təvəllüd gördük, bu səbəblə bu dünyadan uzaqlaşıb zehnimizi səmaya ucaldaq. Çünki Uca Allah yer üzünə təvazökar bir insan kimi gəldi ki, ucalara merac etsin ona nida edənləri: HalleluYah
İkos 8:
Təsviredilməz Kəlam yer üzünə enib, Səmanı tərk etmədi, çünki bu, məkan dəyişməsi deyil, Allahın yer üzünə təşrifi idi. Bu təvəllüd, Allahı öz bətninə qəbul edən və bizdən bunu eşidən Bakirədən idi:
Sevin, hər məkanda Var Olanın məkanı;
Sevin, Allahın müqəddəs sirrinin qapısı.
Sevin, imansızların şübhəli xəbəri;
Sevin, imanlıların şübhəsiz fəxri.
Sevin, Keruvlar üstündə olanın Əqdəs Arabası;
Sevin, Seraflar üzərində olanın izzətli məskəni.
Sevin, ziddiyyətləri Özüylə razılaşdıran;
Sevin, bakirəliklə Valideуinliyi birləşdirən.
Sevin, çünki vasitənlə təqsir bağışlandı;
Sevin, çünki vasitənlə cənnət açıldı.
Sevin, ey Məsihin Padşahlığın açarı;
Sevin, əbədi nemətləri istəyənlərin ümidi.
Sevin, ey bəysiz Gəlin!
Kondak 9:
Bütün mələk dəstələri Sənin əzəmətli təcəssümünü görüb heyrətə gəldilər, çünki görünməz Allahı bütün insanlar görür. Bizim aramızda da mövcud Olub hər kəsdən eşidir: HalleluYah
İkos 9:
Ey Allahın Validəsi, Sənin önündə çox danışan natiqlərin lal balıqlar kimi susduğunu görürük; çünki onlar doğuşdan sonra bakirə qalmağın sirrini dərk edə bilmirlər. Biz isə bu sirrə heyran qalaraq imanla nida edirik:
Sevin, ey Allahın hikmətinin məskəni;
Sevin, ey Allahın iradəsinin xəzinəsi.
Sevin, ey fəlsəfəçiləri ağılsız edən;
Sevin, ey məntiqçiləri məntiqsiz edən.
Sevin, çünki hiyləgər höcətçilər ağıllarını itirdilər;
Sevin, çünki boşboğazlar məhv edildilər.
Sevin, ey Afinalıların torlarını cıran;
Sevin, ey torçuların torlarını dolduran.
Sevin, ey cəhalətin dəryasından çəkib çıxaran;
Sevin, ey aləmi bilgiliklə maarifləndirən.
Sevin, ey xilas diləyənlərin gəmisi;
Sevin, ey fani dünyanın sakit limanı.
Sevin, ey bəysiz Gəlin!
Kondak 10:
Dünyanı xəlq edən, onu xilas etmək üçün öz iradəsi ilə dünyaya gəldi və Allah olaraq Əsl Çoban kimi biz insanlar üçün bizim kimi İnsan oldu, və Özünə bənzərləri ardınca getməyə çağırdı və Allah olduğu üçün bizdən eşidir: HalleluYah
İkos 10:
Ey Allahın Validəsi Bakirə, sən bütün bakirələrin və sənə pənah gətirənlərin qalasısan. Çünki Sənin bətnində yaşayan göylərin və yerin Xaliqi Səni, ey Pakizə, belə xəlq etdi, və hər kəsə Sənə belə nida etməyi öyrətdi:
Sevin, ey bakirəliyin qalası;
Sevin, ey xilasın darvazası.
Sevin, ruhani təzələnmənin öndəri;
Sevin, İlahi xeyirxahlığın bağışlayıcısı.
Sevin, günahda doğulanları yenidən doğdun;
Sevin, çünki ağılsız olanlara ağıl verdin.
Sevin, qəlbləri pozan şeytanı məhv etdin;
Sevin, paklığı əkən Məsihi dünyaya gətirdin.
Sevin, sirli nikahın gəlin otağısan;
Sevin, imanlıları Rəbb ilə birləşdirənsən.
Sevin, bakirlərin gözəl mürəbbiyəsisən;
Sevin, müqəddəs ruhları toy libasına bəzəyirsən.
Sevin, ey bəysiz Gəlin!
Kondak 11:
Bütün həmdlər sonsuz mərhəmətinin qarşısında məğlub olur, ey Əqdəs Padşah, çünki Səni qum sayı qədər ilahilərlə tərənnüm etsək də çatmaz bütün nemətlərinə, hansıları ki verdin bizə, Sənə nida edənlərə: HalleluYah
İkos 11:
Müqəddəs Bakirəni zülmətdə olanlar üçün yanar şama bənzədirik, çünki o, Səmavi Çırağı yandırıb, hər zehni şəfəq tək nurlandırır ki hər kəs Allahı dərketmə yoluna yönəlib Onu bu sözlərlə tərənnüm etsin:
Sevin, ey ruhani Günəşin şöləsi;
Sevin, ey batmayan Nurun şüası.
Sevin, şimşək kimi canları işıqlandıran;
Sevin, göy gurultusu kimi düşmənləri qorxudan.
Sevin, çünki ulduzların Nurunu saçırsan;
Sevin, çünki əbədilik Çayın çaylağısan.
Sevin, vəftiz hovuzunun rəmzisən;
Sevin, günah kirliliyini silənsən.
Sevin, vicdanı təmizləyən vəftiz hövzəsi;
Sevin, ey səadət piyaləsi.
Sevin, Məsihin xoş qoxulu ətiri;
Sevin, sirrli ziyafətin həyatı.
Sevin, ey bəysiz Gəlin!
Kondak 12:
Bütün insanların borclarını bağışlayan Rəbb, qədim borclarımızı bağışlamaq istəyəndə Onun lütfündən mühacirət edən (Mk.13:34) bizlərə Özü gəldi, borc sənədini cırdı və hər kəsdən eşitdi: HalleluYah
İkos 12:
Səndən dünyaya gələn Məsihi tərənnüm edərək, səni də mədh edirik, ey Allahın Validəsi, onun canlı məbədisən deyə, çünki hər şeyə hökm edən Rəbb Sənin bətnində sakin oldu, və səni təqdis etdi, ucaltdı, və hər kəsə sənə belə nida etməyi öyrətdi:
Sevin, Allahın və Onun Kəlamının çadırısan;
Sevin, qutsal-əqdəsdən də böyüksən.
Sevin, Ruh Səni Əhd sandığı kimi zərlədi;
Sevin, ey həyatın tükənməz Xəzinəsi.
Sevin, saleh padşahların dəyərli tacı;
Sevin, mömin keşişlərin müqəddəs fərəhi.
Sevin, ey Kilsənin sarsılmaz qalası;
Sevin, ey Padşahlığın dağılmaz divarı.
Sevin, çünki vasitənlə zəfərlər qazanılır;
Sevin, çünki vasitənlə düşmənlər yıxılır.
Sevin, ey bədənimin şəfası;
Sevin, ey canımın xilası.
Sevin, ey bəysiz Gəlin!
Kondak 13:
Ey Əqdəs Kəlamı dünyaya gətirən hər kəsdən ucaldılan Validə! Sənə gətirilən nəğmələrimizi qəbul eylə, hər kəsi bəladan xilas eylə və gələcək cəzadan azad eylə Səni səsləyənləri «HalleluYah»
DUA
Ey əqdəs Mələkəm, ey Allahın Validəsi, müqəddəs və qadir dualarınla Allahın məzlum və biçarə qulu olan məni kədərdən, unutqanlıqdan, ağılsızlıqdan, biganəlikdən və biçarə qəlbimdəki və dumanlı zehnimdəki natəmiz, şər və küfr fikirlərdən uzaqlaşdır. Daxilimdə olan ehtirasların alovunu söndür, çünki mən bir yazıq və səfil insanam. Məni saysız və amansız niyyətlərimdən və xatirələrimdən qurtar və şər təsirlərdən qoru. Çünki bütün nəsillər Səni tərənnüm edir və Sənin uca ismini izzətləndirir sonsuza qədər. Amin.
